Erməni təxribatı nəticəsində yaralananların adları açıqlandı – RƏSMİ

0
594

Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən, çoxsaylı ev və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,  1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Dərin təəssüf hissi ilə bildiririk ki, düşmən təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında itkilərimiz vardır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən, yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Yerlərdə prokurorluq, o cümlədən, hərbi prokurorluq əməkdaşları tərəfindən baş vermiş hadisələrin tam təfərrüatları araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın qəhrəmancasına göstərdiyi yüksək əzmi və şücaəti hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq.

Kütləvi informasiya vasitələrindən, həmçinin, sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.