Erməni kilsəsindən müharibəyə çağırış: Yenə “dəmir yumruq” istəyirlər

0
91

Başa çatan həftə Azərbaycanla Ermənistan arasındakı münasibətlər iki əlamətdar hadisə ilə yadda qaldı. Baş nazir Nikol Paşinyan ötən il sentyabrın 2-də olduğu kimi separatçı soydaşlarına “Artsax”ın “müstəqillik bəyannaməsinin qəbulu” ilə bağlı təbrik ünvanlamadı. Görünür, o, Azərbaycan ordusunun 23 saatlıq antiterror əməliyyatının nəticələrindən yaxşı dərs çıxarıb. Rəsmi İrəvandan səs çıxmadığını görən separatçıların son “prezident”i olmuş Samvel Şahramanyan isə özlərinə xas şəkildə növbəti qeyri-ciddi bəyanata imza atdı. Qanunsuz rejimin qanundankənar “lider”i bildirdi ki, rəhbərlik etdiyi qurumun buraxılması haqqında imzaladığı “sənəd” “konstitusiyaya ziddir”. Bu azmış kimi, tələb də etdi ki, Qarabağdan öz xoşlarına qaçıb getmiş separatçı əhali “beynəlxalq təminatlar” altında geri qayıtsın.

Separatçı sirk

Şahramanyan oxşar məzmunlu bəyanatla bir dəfə də çıxış etmişdi və gülünc olması səbəbindən “arqumentlər”i su quyusuna atılan daş effekti vermişdi. Onun separatçı məntiqinə görə, heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmayan qanunsuz rejimin liderinin imzaladığı qanundankənar sənəd mücərrəd “konstitusiya”ya ziddir. Yəni özünü “prezident” sayan bu satirik obraz boynuna alır ki, “qanunsuz” əməl törədib və bu “qanunsuzluğ”u aradan qaldırıb “qanun” müstəvisinə qaytarmaq – amorf “konstitusiya”ya uyğunlaşdırmaq lazımdır. Bu azmış kimi, beynəlxalq hüququn subyekti olmayan separatçı törəmə rəhbər həm də ermənilərin Azərbaycana qayıdışı üçün beynəlxalq təminat arzusundadır.

Qanuna zidd əməl törətdiyini boynuna alan ilk prezident olmasa da, ilk separatçı “prezident” olaraq tarixə düşən Şahramanyanın sözləri tək onun deyil, bütövlükdə erməni separatizminin və “Qarabağ klanı” kimi tanınan Köçəryan-Sarqisyan cütlüyünün acizliyinin bariz göstəricisidir. Sirr deyil ki, Şahramanyanın söylədikləri əlləri minlərlə azərbaycanlının qanına batmış, 30 ilə yaxın müddət ərzində erməni xalqını öz hikkələrinin əsirinə çevirmiş bu şəxslərin cəmiyyətə ünvanlamaq istədikləri mesajdır. Əgər əvvəllər erməni separatizmini bəsləyən, İrəvandakı hakimiyyətlərə və Qarabağda kök salmış cəllad rejimə “gözün üstündə qaşın var” deməyən dünya dövlətləri bu kimi qeyri-ciddi bəyanatlara göz yumurdularsa, indi sadəcə deyiləsi sözləri yoxdur. Ədalət təmin olunub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və erməni himayədarları bir vaxtlar yalnız sənəd üzərində qəbul etdiklərini indi reallıqda həzm etmək məcburiyyətində qalıblar.
Bununla belə, Şahramanyanın bəyanatının nə qədər zəif dəlillər üzərində qurulmasından asılı olmayaraq, iddia kimi qalması erməni cəmiyyətində olan revanşizm meyllərini ortaya qoyur və daha da kəskinləşdirir. Çünki bu məzmunda danışan yalnız o deyil…

Qanlı kilsədən müharibəyə çağırış

Şahramanyandan savayı qızışdırıcı bəyanatla erməni dövlətçiliyinin əsas sütunlarından biri olan kilsənin başçısı – katolikos II Qaregin də çıxış edir. Əgər Şahramanyan “hüquqi” prosedurlardan bəhs edirsə, Qaregin erməni xalqını “ədaləti bərpa etməyə” səsləyir. Bu, faktiki olaraq yeni müharibənin başlaması istiqamətində təhrikedici addımdır. Erməni əhalisi arasında katolikosu dinləyən az deyil və Paşinyanın tam məğlub etməyi bacarmadığı kilsənin bu mövqeyi kifayət qədər ciddi analiz edilməlidir.

Erməni dövlətçiliyi kilsə ətrafında formalaşmış anlayışdır. Tarix boyu erməni xalqının əldə etdiyi də, itirdiyi də kilsənin xidmətləri hesabına olub. Qarabağda separatçılığın baş qaldırmasında həm yerli, həm də Ermənistandan və dünyanın müxtəlif yerlərindən buraya “ezam” edilmiş din xadimlərinin həlledici rolu var. Onlar əllərində silah hərbi əməliyyatlarda iştirak ediblər. İndi bu imkandan məhrum olan kilsə Ermənistanda hakimiyyətin devrilməsi və Köçəryan tərəfdarlarının siyasi Olimpə qayıtması istiqamətində əsas rolun ifaçısıdır. Bu ilin mart-aprel aylarından etibarən Paşinyan hökumətinə qarşı başlanan “xalq hərəkatı”nın önündə məhz kilsə xadimləri gedir. Qarşıdakı günlər ərzində bu hərəkatın yeni həmləsinə start veriləcəyinə dair xəbərlər dolaşır. Odur ki, Qareginin bəyanatı sıradan sözlər deyil və erməni cəmiyyətində hələ də “Paşinyanı devirib Artsaxı qaytaraq” kimi xülya ilə yaşayan kifayət qədər böyük kontingent mövcuddur.

Qərbi Azərbaycan hökuməti

ĞSon dörd il göstərir ki, Ermənistan və ermənilərin konstruktiv məcraya yönəldilmələri üçün hər dəfə “dəmir yumruğ”a ehtiyac yaranır. Əgər 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatında İrəvan hərbi gücümüzün qüdrətini dərk etmişdisə, Şahramanyan və onun kimilərin separatçı ofisinin rəsmi İrəvan tərəfindən hələ də qapadılmaması faktı tarixə əsaslanan diplomatiyamızın təsirini görməlidir. Söhbət Qərbi Azərbaycan hökumətinin yaradılmasından və müasir Ermənistan ərazisində qalan tarixi torpaqlarımıza dair ədalətli tələblərimizin beynəlxalq hüquq və qanun müstəvisində sistemli formada irəli sürülməsindən gedir. Əgər Paşinyan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və dediyi kimi, günü bu gün yekun sülh müqaviləsini imzalamağa hazırdırsa, onda buyursun, separatçıların İrəvandakı ofisini qapatsın və Şahramanyan kimilərini susdursun. Rəsmi İrəvanın susub separatçıları danışdırmaqla nəyəsə nail olacağına ümid etməsi əbəsdir.
Azərbaycanın revanşizmə hesablanmış bu tendensiyanın neytrallaşdırılması üçün yetərincə imkan və arqumenti mövcuddur. Ermənistandan – tarixi torpaqlarımızdan zorla və silah gücünə qovulmuş yüzminlərlə azərbaycanlı və onların övladları həyatdadır. Bu əhalinin qanuni yurdlarına qayıtmaq haqqı var. Onların qayıdışı və hüquqlarının bərpası məsələləri daha sistemli şəkildə qaldırılmalıdır. Əslən Qərbi Azərbaycandakı ata-baba yurdumuzdan olan deputatların da təmsil edildiyi parlament – Milli Məclis bu istiqamətdə fəaliyyətini intensivləşdirməlidir. Başqa sözlə, Paşinyanın susqunluğu şəraitində Şahramanyan kimilərinin Köçəryan və Sarqisyanın oyununu oynamaları İrəvan üçün ağır nəticələrə səbəb ola bilər. Beynəlxalq hüquqla yanaşı, tarixi faktlar da bizim lehimizədir.