Xocavənd rayonunun Qaradağlı kəndində törədilən faciədən 31 il ötür.
1992-ci ilin fevralın 17-də Qaradağlı işğal edilərək erməni silahlı birləşmələri tərəfindən yandırılıb. Kəndin “Bəylik bağı” adlandırılan ərazisində 23 sakinimiz ermənilər tərəfindən güllələnib, 118 nəfər əsir götürülüb. Onlardan 68-i xüsusi amansızlıqla öldürülüb.
Ermənilərin Qaradağlıda törətdikləri Xocalı soyqırımından sonra xalqımızın Qarabağda yaşadığı ikinci böyük müsibət idi.
Baku TV-nin çəkiliş qrupu Qaradağlı kəndinin sakinlərinin məskunlaşdığı Beyləqan rayonunun Xocavənd qəsəbəsində olub.
Qaradağlı sakini Şahruz Əliyev faciə qurbanlarının başına gətirilənlərdən danışıb.
“Bizi yığaraq Xankəndi istiqamətində apardılar və “Bəylik bağı” adlanan yerdə maşınları saxlayıb 10 cavanı düşürdülər və onları güllələdilər. Bizə insanlığa sığmayan işgəncələr verirdilər. Bıçaqla bədənimizi deşirdilər, soyundurub ağacla döyürdülər, elə anlar olurdu ki, qarlı havada suyun içində uzandırırdılar”, – deyə o qeyd edib.
Ətraflı videonu təqdim edirik: