Günümüzü 13 yaşlı qızın uşaq dünyaya gətirməsi xəbəri ilə açdıq. Belə ki, ötən gün azyaşlı qız ev şəraitində uşaq dünyaya gətirib. Məlum olub ki, uşağın atasının 15 yaşı var. Körpə sağdır. Ana olan yeniyetmə isə sığınacağa yerləşdirilməyi xahiş edib.
Yeniyetmənin uşaq dünyaya gətirməsi hər kəs tərəfindən təəccüb və hiddətlə qarşılanıb. Hadisədə günahkar axtarmaq, əlbəttə, hüquq-mühafizə orqanlarının işidir. Digər narahatedici məqam isə bədəni tam formalaşmamış yeniyetmənin hamilə qalıb uşaq dünyaya gətirməsi, səhhəti, sağlamlığında yarana biləcək fəsadlardır. Çünki son zamanlar hətta 19-20 yaşında ailə quranlar belə, sonsuzluq problemi yaşayırlar, yaxud da reproduktiv funksiyalarında problemlər olur.
Bəs görəsən, azyaşlının uşaq dünyaya gətirməsi onun orqanizmində nə kimi fəsadlar yarada bilər? Hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı açıqlama verən ginekoloq Təranə Həsənovanın sözlərinə görə, erkən yaşda cinsi həyat uşaqlıq boynu xərçəngini yaradır:
“13 yaşlı yeniyetmənin orqanizmi inkişaf etməyib. Qanunvericilikdə nikah yaşı boş yerə 18 müəyyən edilməyib. Çünki 18 yaşda orqanizm formalaşır, kamilləşir. Cinsi həyat, hamiləlik və doğum üçün formalaşır. Bunu unutmamalıyıq.
Bu haqda araşdırma aparmışam. Erkən yaşda cinsi həyat uşaqlıq boynu xərçənginin ən birinci səbəblərindən biri kimi göstərilir. Erkən ərə gedən qadınlar təxminən 35 yaşında bu təhlükə ilə üzləşirlər”.
Ginekoloq qeyd edib ki, azyaşlının dünyaya gətirdiyi körpə yeniyetməlik yaşında ciddi problemlərlə üzləşəcək:
“Sual olunur ki, yetişməmiş orqanizm necə hamilə qala bilər? Qızın yeniyetməlik dövründə uşaqlıq, yumurtalıq inkişaf edir. Reproduktiv dövrə hazırlaşır. Qızın boyu uzanır, saçı qalınlaşır, dərisi fərqli olur. Yumurtalıq və uşaqlıq öz funksiyasını reproduktiv vəziyyətə hazırlayır və menstruasiya (aybaşı) başlayır. Bütün bunlar hazırlıq dövründə gedir. Lakin bu o demək deyil ki, hamilə qalmaz. Bu zaman hamiləlik mümkün olur.
Lakin bu dövrdə baş verən hamiləliyin ziyanları var. İstənilən yaşda hamiləliyin bir sıra fəsadları var. Bu adamın ürəyi və digər orqanlarının hamiləliyə necə tab gətirəcəyi sual altındadır. Yetişməmiş orqanizmdən dünyaya gələn uşaq nə olacaq? O uşaq sağlam dünyaya gəlsə də, yeniyetmə yaşa gəlib çatanda problemlərlə üzləşəcək. Cinsi oyanma və hormonlar ifraz olunduğu dövrdə o uşaq problemlərlə rastlaşacaq. Çünki yetişməmiş orqanizmdən dünyaya gəlib”.
T.Həsənova qeyd edib ki, uşaq dünyaya gətirən 13 yaşlı yeniyetmə də gələcəkdə çox ciddi fəsadlarla qarşılacaq:
“Ən birincisi, süd vəzinin inkişafı, aybaşının normal gedişatı, bədənin quruluşu – hamısında problemlər olacaq. Gələcəkdə bu qızın uşağı olmaya bilər. Düşük riski yaşayacaq. Azyaşlının orqanizmi sağlam olduğu üçün hamilə qalıb.
Valideynlər günahkardırlar.