“Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalı – onlayn oğurluq halları sürətlə artmaqdadır. Dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiber oğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev kibertəhlükəsizliklə bağlı vətəndaşlara müraciətində qeyd edib.
“Vətəndaş nə etməlidir, seyfinin açarını (oxu: bank kart məlumatları) naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır.
“WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır.
“Bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik” adı altında iyulun 6-7 tarixlərində ayrı-ayrı şəxslərin 15 000, 7 873, 4 457, 4 293, 4 280, 4 000, 3 146, 2 750, 2 444, 2 154, 2 000, 1 997, 1 931, 1 650, 1 500, 1 512, 1 500, 1 478, 1 399, 1 300, 1 071, 1 020, 1 001, 1 000, 1 000, 1 000, 1 000, 1 000, 1 000, 999, 998, 900, 900, 810, 759, 650, 600, 590, 521, 501, 500, 500, 440, 406, 380, 380, 360, 358, 350, 300, 266, 200, 200, 112, 98, 70, 63, 51 manat vəsaitləri talanmağa məruz qalıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilib.
Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiberüsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın!” – deyə Elşad Hacıyev vurğulayıb.