Elnur Məmmədov: “Azərbaycan Qarabağda etnik təmizləmə aparmayıb və aparmayacaq”

0
207

“Azərbaycan Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparmaq və sentyabrın 19-20-də baş tutmuş antiterror tədbirləri zamanı etnik təmizləmə törətmək istəyi ilə bağlı bütün ittihamları qəti şəkildə rədd edir”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə keçirilən iclasda deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan Ermənistanın 30 illik qanunsuz işğalından sonra ilk dəfə bütün ərazisi üzərində tam suverenliyini bərpa edə bilib.

“Ermənistan sentyabrın 19-20-də Azərbaycan tərəfindən dinc əhaliyə qarşı etnik təmizləmə və kobud rəftar olması ilə bağlı əsassız ittihamlar irəli sürür. Bu ittihamlar heç bir şəkildə reallığı əks etdirmir, üstəlik, BMT-nin artıq iki missiyasının digər beynəlxalq qurumlarla birgə Qarabağa səfəri zamanı çıxardığı nəticələrlə tamamilə ziddiyyət təşkil edir”, – o söyləyib.

Nazir müavini bildirib ki, Azərbaycan etnik təmizləmə aparmayıb və aparmayacaq da, mülki əhaliyə hücum etməyib, etməyəcək də.

O əlavə edib ki, Qarabağ erməniləri ölkə vətəndaşlarıdır, onların hüquq və təhlükəsizliyi digər ölkə vətəndaşları kimi təmin ediləcək: “Azərbaycan onların qayıtması və normal yaşaması üçün şərait yaratmağa hazırdır”.

Daha sonra E.Məmmədov faktlara keçib. O bildirib ki, 19-20 sentyabr hadisələri Ermənistanın xeyli sayda hərbi birləşməsinin toplaşması, çoxlu sayda müasir silah-sursatın toplanması, istehkamların yaradılmasına davam edilməsi və 2020-ci ildə işğaldan azad edildikdən sonra artıq təmizlənmiş Azərbaycan ərazilərinin yenidən minalanması nəticəsində insanların həyat və təhlükəsizliyinə ciddi təhdidlər olması səbəbindən baş verib.