Elnur Allaverdiyev: “Çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq” – FOTO

0
308

“Seçicilərimizə verdiyimiz sözlərdən biri də bu idi ki, Bayır şəhərin qaranlıq küçələrinin yenidən işıqlandırılmasına nail olacağıq. Söz verilibsə, gərək yerinə yetirilə!”

Bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allaverdiyev deyib:

“Zülfi Adıgözəlov küçəsindən başladıq. Yaşlı sakinlərin dediyinə görə, 40 ilə yaxındır ki, gecələr Z.Adıgözəlov küçəsini zülmət bürüyürdü. Seçkidən dərhal sonra hərəkətə keçdik. Yasamal Rayon İcra Hakimiyyətinə və “Azərişıq” ASC-yə müraciət etdik. Küçəyə mütəxəssislər göndərildi, tədbirlər planı hazırlandı, 15 işıq sütununa yeni LED çıraqlar quraşdırıldı və budur – küçə axşamlar və gecələr də səhərlər kimi aydın, işıqlıdır”.

Z.Adıgözəlov, 122 ünvanında yaşayan 76 yaşlı Salamov Rafiq deyir: “İnanmayacaqsınız, amma bu küçə ömrümün yarısı qədər qaranlıq olub. İndi isə belə işıqlıdır. İnanmağım gəlmir”.

69 yaşlı Mərdan dayı da görülən işlərdən çox razıdır: “Yayda havalar isti keçir, evdə otura bilmirəm. Küçəyə də çıxmaq olmurdu, hər yer qaranlıq idi. Zəhməti keçənlər sağ olsun, axşamlar çöldə rahat oturacağıq”.

“Dostlar, Bayır şəhərin əsrarəngiz, köhnə Bakını yaddaşlarımızda yaşadan aurası var. Gecə işıqlı küçə bu ecazkarlığa əlavə rəng qatır. Dövlətimizin dəstəyi ilə seçicilərimizlə birlikdə problemləri bir-bir həll edəcək, çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq. Biz birlikdə güclüyük”, – deyə E.Allahverdiyev bildirib.