“Mediada və sosial şəbəkələrdə ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində tarixi torpaqlarından qaçqın düşmüş soydaşlarımızın statusu ətrafında müzakirələr intensivləşib. Məlumdur ki, hazırkı Ermənistan Respublikası Azərbaycanın tarixi ərazisində yaradılıb. Həmin dövrdən başlayaraq azərbaycanlılar sistemli şəkildə vətənlərindən didərgin salınıb. Etnik təmizləmə siyasətinin sonuncu mərhələsi ötən əsrin sonlarına – ermənilərin Qarabağ iddiasının baş qaldırdığı dövrə təsadüf edir. 1980-ci illərin sonlarında 200 min azərbaycanlı ovaxtkı Ermənistan SSR-dəki doğma obasından qovularaq qaçqın düşüb”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. O qeyd edib ki, bu proses minlərlə azərbaycanlı ailəsi üçün şəxsi faciə olmaqla yanaşı, həm beynəlxalq birlik tərəfindən qiyməti verilməli olan cinayət, həm də tarixi ədalətsizlikdir:
“2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdik. Bu günlərdə həyata keçirilən “Qisas” əməliyyatı ilə dirçəlməyə cəhd edən erməni separatizminin başını bir daha əzdik. Bir neçə gündən sonra isə Laçın şəhəri və rayonun ərazisindən keçən yol nəzarətimizdə olacaq. Ermənilər artıq başa düşüblər ki, onların bu torpaqlarda qalıb yaşamaları üçün Azərbaycan vətəndaşı olmaqdan savayı yolları qalmayıb. Başqa sözlə, qalan şəhər və kəndlərimizdə də tezliklə bayrağımız dalğalanacaq. Ancaq biz bununla kifayətlənməməliyik. Biz Ermənistan ərazisindən zorla qovulmuş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmalarına nail olmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər faktlarımız və dəlil-sübutlarımız var.
Azərbaycanlılara qarşı sonuncu etnik təmizləmə cəmi 34 il bundan qabaq baş verib. Sənədlər, şahidlər, videokadrlar var. 200 min azərbaycanlı evindən-eşiyindən zorla, təhdid altında qovulub. XXI əsrdə yaşayırıq. Bu, etnik təmizləmə deyil, nədir? Ermənistan SSR-in varisi olan müasir Ermənistan Respublikası cavab verməlidir. Ya soydaşlarımız torpaqlarına qayıtmalıdırlar, ya da Ermənistan beynəlxalq birlik qarşısında cavab verməlidir”.
Millət vəkilinin sözlərinə görə, bu mövzu ətrafında müzakirələr artıq Ermənistanın özündə də başlayıb:
“Ermənilər anlamağa başlayıblar ki, Azərbaycan tək Qarabağla kifayətlənməyəcək. Bu, onların qorxulu yuxusudur. Ermənilərin praqmatik kəsimi anlayır ki, Azərbaycana qarşı ərazi iddiasında olmaqla tarixi səhvə yol veriblər. İndi geosiyasi vəziyyət dəyişib və şərtləri Azərbaycan diktə edir. Ona görə də onlar anlayırlar ki, bu vəziyyətin sabahı da var. Yəni proses başlayıbsa, dayanmayacaq. Azərbaycanın bu məqsədini həyata keçirməsi üçün əlində bütün imkanları var, ermənilərin isə bu prosesə müqavimət göstərmək üçün heç bir taqəti yoxdur.
Biz qalib ölkəyik. Qarşımızda duran ən müqəddəs missiya tarixi ədaləti bərpa etməkdir. Güclü ordumuz, rəqabətədavamlı iqtisadiyyatımız var. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz tarixi torpaqlarımıza dönəcəyik. Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız sadəcə zaman məsələsidir. Bu yoldan bizi heç kim döndərə bilməz. Biz azərbaycanlılar indiki Ermənistanın hər yerində olmuşuq. Oralar bizim doğma yurdumuzdur, böyüklərimizin məzarları bizi gözləyir. Bu problem heç bir halda gündəmimizdən düşməməlidir”.