“Elektron reseptlər gələn ilin əvvəlində hazır olacaq”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib.
Onun sözlərinə görə, dövlət xəstəxanalarına dövlət büdcəsindən ayrılan vəsait səkkiz milyon manatdan 2,3 milyard manata yüksəldilib. Bu məbləğ çox görünsə belə, səhiyyə xərclərinin 50 faizinin altındadır:
“Səhiyyə xərclərimiz təxminən dörd milyard manata qədərdir. Bunun böyük hissəsi vətəndaşların öz cibindən dərman vasitələrinə ödədiyi vəsaitdir. Yəni vətəndaşlar dərman üçün təxminən bir milyard manata yaxın vəsait ödəyirlər. Ölkədə qeydiyyatda olan bütün dərmanlar stasionar şəkildə vətəndaşlara verilir. Yaxşı olardı ki, ambulator şəraitdə də dərmanlara əlçatanlıq olsun. Yaxın gələcəkdə bunun təmin edilməsi nəzərdə tutulur. Aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür. Nəticədə tələb iki-üç qat artmış olacaq. Dərman sahəsində ölkədən kənara asılılıq var. Bunun da qarşısı alınmış olacaq. Eyni zamanda, biz beynəlxalq dərman istehsalçılarını ölkəyə dəvət edirik”.
O vurğulayıb ki, elektron resept də, demək olar, hazırdır:
“Hər bir qurum bu sahədə hazırlıq işləri görür. Hesab edirəm ki, gələn ilin əvvəlində bunun şahidi olacağıq. Səhiyyənin ən böyük əskik hissəsi ilə bağlı problem həllini tapacaq”.
Direktor müavini əlavə edib ki, hazırda xəstəxanalarda əczaçılar üçün 100-ə yaxın ştat açılıb. Mərkəzi qaydada onların işə götürülməsi həyata keçirilir.