Milli Qəhrəman şəhid Eldar Xəlilovun bu gün 45 yaşı tamam olur.
19 avqust 1976-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində dünyaya göz açmışdır. 1983-cü ildə burada məktəbə getmişdir. O, altıncı sinifə qədər öz doğma kəndlərində təhsil almışdır.
1988-ci ildə yüz minlərlə soydaşlarımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra o, ailəsi ilə birlikdə Bakının Bakıxanov qəsabəsində məskunlaşmışdır. Təhsilini 96 və 252 saylı orta məktəblərdə davam etdirmişdir. Sonra Bakıdakı 10 saylı texniki- peşə məktəbini bitirmişdir. 29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına çağırılmışdır. Hərbi hissədə qısa müddətli təlim məşqləri… İş elə gətirdi ki, o, erməni işğalçıları ilə deyil, dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə aparmalı oldu. 17 mart 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında Milli Ordumuzun əsgərləri arasında Eldar Xəlilov da öz vətənpərvərlik borcunu yerinə yetirirdi. O, Azərbaycan əsgərinə xas olan döyüş əzmkarlığı nümayiş etdirir, daxili irticanın tərksilah edilməsində mərdlik və şücaət göstərirdi. Təəssüf ki, bu qarşıdurma itkisiz ötüşmədi. Qarşı tərəfdən atılan atəş Eldar Xəlilovun gənc ömrünə son qoydu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Vaxtilə oxuduğu 252 saylı orta məktəbdə isə Qəhrəmana həsr olunmuş guşə yaradılmışdır. Qəsəbədə büstü qoyulmuşdur.