Ekoaksiyada 93-cü gün: Etirazçılar fəal, tələblər dəyişməz olaraq qalır

0
159

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 93 gündür davam edir.

Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.