Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə yazmışdıq. Qurbanəli müəllim elə mətləblərdən danışır ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. Azərbaycanda Milli Ordunun formalaşmasından tutmuş, bu sahədə aparılan islahatlara qədər çox geniş danışan müsahibimiz o dövrdəki çətinliklərdən söz açır. Qurbanəli İsmayılovun 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxfi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətləri isə hər kəsin marağına səbəb olacağına əminik. Həmçinin bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanımaq fürsəti qazanacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimiz davam edir. Suallar maraqlı, cavablar isə hər kəsi şoka salacaq qədər həyəcanlı.
-Rusiyanın məxfi əməliyyat PLANININ qarşısı necə alındı?
– HƏRBİ TƏYİNATLI təyyarələrin Azərbaycanda saxlanılmasında rolu olan BİR NEÇƏ NƏFƏRİN adlarını çəkə bilərəm. Adlarını çəkəcəyim zabitlərdən Vladimir Kravtsovu deyə bilərəm. Həmçinin Aleksandr Pleşanın da böyük rolu olub. Aleksandr Pleşan hərbi təyyarələrin ziyan görmədən ölkəmizdə qalmasının yollarını mənə izah edirdi. Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. O, həmin alayın eskadrilya komandiri olmaqla yanaşı, eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşan sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu. O, həm də Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasında mənə dəstək olub. Biz zabitlər öz aramızda qərar qəbul eləmişdik ki, dövlətimizin əleyhinə nə iş görsələr dərhal onun qarşısını alaq. Biz bunları yalnız məxfi formada etməliydik ki, məqsədimizə nail ola bilək. Və bunu da bacardıq.
– Sovet hərbi rəhbərlərinin məxfi planları barədə kimləri məlumatlandırdınız?
-Qeyd edim ki, xidmət elədiyim Hərbi hissədə rəhbərlikdə təmsil oldunduğuma görə bəzi hallarda onların gizlin qərarlarından xəbər tuta bilirdim. Azərbaycanlı olduğum üçün məndən çox şeyi gizlədirdilər. Mən dərhal Rusiyanın məxfi planları barədə Azərbaycan müdafiə nazirliyinin Baş qərərgah rəisinə məlumat çatdırdım. Nə edəcəyimiz və hansı plan üzrə davam edəcəyimizi götür-qoy elədik.
Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirim ki, bu barədə hər kəslə ayrıca söhbət elədim. Bunu da onun üçün edirdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verib, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın…
Qərar qəbul elədim ki, Bakıya gedim. O illərdə Azərbaycanın Müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım var idi. Tanışlığım əsasən tələbəçilikdən başlamışdı. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyi ilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim, polkovnik Mehman Səlimov məni Baş Qərargah rəisi Şahin Musayevin yanına apardı. Qeyd edim ki, Baş Qərərgah rəisinin müavini isə Səfər Əbiyev idi. Baş Qərargah rəisi və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviç Bərşadlı ilə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla gizlədilən məlumatları əldə edə bilirdim. Həmin məlumatlarda Rusiyanın Dəllərdə olan hərbi təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığı qeyd olunurdu.
Bildirim ki, ölkədə həmin vaxt güclü siyasi hakimiyyət formalaşmamışdı. Qarşudurma hökm sürürdü. Kənar qüvvələr siyasi qarşıdurmanın olmasından istifadə edib bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər şəxsləri, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olursa-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika və silah-sursat ölkədə saxlanılsın.
-Hərbi hissədə hansı qabaqlayıcı tədbirləri gördünüz?
-Bildirim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı, gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazım idi.
AERODROMU İFLİC VƏZİYYƏTİNƏ SALA BİLMƏK ÜSÜN 5 QRUP YARATDIQ.
Yaradığımız qruplardan bunun birinin rəhbəri kapitan Vahid Vəliyev oldu. O, yanacaq xidmətinin rəisi idi. Məxfi iş görə bilən bacarıqlı zabit idi. Lazım gəldikdə təyyarələri yanacaqsız qoymaq imkanı vardı.
Böyük təcrübəsi, rabitə xidmətini yaxşı bilən baş gizir Surxay Xammədov ikinci qrupun rəhbəri oldu. O, rabitə xidmətinin rəhbərlik edirdi. Onun lazım gəldikdə aerodromdakı rabitəni sıradan çıxarmaq imkanı var idi. Onunla təkbətək söhbət etmişdik. Lazım gəldikdə bütün aerodromun rabitə sistemini iflic etsin.
Kabel xidmətinin rəhbəri, gizir Şükür Həsənov da qruplardan birinə rəhbərlik edirdi. O, da bacarıqlı rabitəçi idi. Onun və gizir İlqar Xammədovun funksiyası ondan ibarət idi ki, aerodromda nə məxfi danışıqlar gedir, buna qulaq asıb, mənə məlumat versin. Çünki bu çox vacib idi.
Digər qrupun rəhbəri gizir Səfər Təhməzova tapşırılmışdı ki, lazım gəldikdə aerodromun elektrik sistemini sıradan çıxarsın. Zəyəm qəsəbəsində bizim elektrik yarımstansiyası var idi. Yarımstansiya aerodromu kabellər vasitəsi ilə elekriklə təmin edirdi. Lazım gəldikdə, həmin kabellərin harada və necə sıradan çıxarılması planlaşdırılmışdıq.
Elektrik kəsildiyi halda aerodromun işiqla təmin eləmək üçün dizel mühərriklər işə salınırdı. Bunu da nəzərə alaraq, həmin aqreqatları sıradan çıxarmaq üçün lazım gəldikdə onların mühərrik hissəsinə müdaxilə etməyi planlaşdırmışdıq.
Digər qrupa rəhbərliyi isə Yusif Məmmədov və Oqtay Sadıqov edirdi. Onlara tapşırıq verilmişdi ki, zamanı gələndə gələndə avtoparkdakı texnika ilə aerodromun uçuş zolağına daş, qum, şeben tökməklə təyyarələrin aparılmasının qarşısı alınsın.
HƏDDA , PODPOLKOVNİK RAZİNKOV DEDİ Kİ, LAZIMI MƏLUMATLARI MƏN DƏ SİZƏ VERƏCƏM.
Bütün qruplar hazırlığa başladı. Xatırladım ki, hər il mart,aprel aylarında bizdə uçuş məşqləri keçirilirdi. Biz də artıq hazırlıqlarımızı görmüşdük. Hər dəfə bir qrupun hazırlığını yoxlayırdıq. Məsələn, mənim tapşırığımla, Zəyəmdən aerodroma çəkilən elektrik xətləri sıradan çıxarılırdı. Nəticədə uçuşlar təxirə düşürdü. Bunun səbəbini axtarıb tapana qədər saatlarla vaxt gedirdi və nəticədə alayda məşqlər keçirilmirdi.
Bəzi vaxtlar rabitə xidmətini pozaraq uçuşların qarşısını alırdıq və sair.
İş o yerə çatmışdı ki, qarnizonun rəisi polkovnik Sinenko bununla əlaqədar bazanın komandiri olan podpolkovnik Razinkovu danlamışdı. Razinkov mənə narazılığını bildirdi ki, bilirəm bu işləri siz azərbaycanlılar edirsiz. Sənin də onlara təsirin var. O, dedi ki, düz edib hazırlıq görürsünüz. Mən də bu texnikanın Azərbaycana qalmasının haqlı olduğunu başa düşürəm. Lazım gələndə məlumatları mən də sizə verərəm. Ancaq xahiş edirəm təlim uçuşlarına mane olmayın. Çünki həm məni vəzifədən uzaqlaşdıra, həm də sizin plandan xəbər tuta bilərlər.
Bundan sonra mən Vyaçeslav Viktoroviç Razinkovla çox yaxınlaşdım. Onun üçün tez-tez məclislər təşkil edib, lazımı məlumatları alırdım. Bu məlumatlar bizə çox dəyərli oldu.
(Ardı var)
Subut Mehdiyev