Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat istintaq orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Mənbəmiz deyir ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Ə.Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
TV Müsavat həmçinin onu da öyrənib ki, 2 gün əvvəl artıq Ə.Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilib. İlkin ekspertiza onun psixi durumu ilə bağlı rəy verə bilməyib. Daha doğrusu, Ə.Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı barədə yekun ekspert rəyi verilməyib. Bununla bağlı rəyi xəstəxanada müəyyən edəcəklər.
Ə.Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyir ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, Ə.Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
Bu arada hazırda Ə.Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək.
İsintaq zamanı Ə.Əhmədov qətllərlə bağlı detallar danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb.