Meksikanın cənubunda qədim Zapotek sivilizasiyasının saldığı Qyenqola şəhərinin xarabalıqları tapılıb.
McGill Universitetinin kanadalı alimləri tərəfindən aşkarlanan 600 illik şəhər əvvəllər yalnız ispan fatehlərinin qeydlərindən məlum idi.
Tədqiqat “Ancient Mesoamerica” elmi jurnalında dərc olunub.
Tarixi qeydlərə görə, Meksikanın yerli xalqı olan zapoteklər bölgənin fəthi dövründə şəhərin əsasını qoyublar. Lakin genişlənmə başa çatdıqdan sonra sakinlər cənuba, indiki Teuantepek bölgəsinin yerləşdiyi əraziyə köçüblər.
Komanda lazer radarından istifadə edərək şəhərin 360 hektar ərazini əhatə etdiyini üzə çıxarıb. Burada 1100-dən çox binanın, dörd kilometrlik divarın, top meydançalarının və aydın şəhər planının olduğu aşkarlanıb.
Şəhər 14-cü əsrdə qurulub və 150 il çiçəklənmə dövrü yaşayıb. Əhalisi ən azı 5 min nəfər olub. Burada zadəganlar və adi insanlar ayrı-ayrı məhəllələrdə yaşayıblar. Arxeoloqlar hökmdarların iqamətgahı kimi xidmət edən böyük bir kompleks də aşkar edib.
Qyenqola 1521-ci ildə avropalıların gəlişindən qısa müddət əvvəl tərk edilib.