DYP-dən sürücülərə xəbərdarlıq: “Cərimələnə bilərsiniz” – FOTO/VİDEO

0
347

2021-ci il ərzində dövlət texniki baxışına təqdim edilən nəqliyyat vasitələrinin müayinəsi zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları tərəfindən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilib ki, həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib, sənədləşmə aparılıb və aşkar edilən faktlar araşdırmaların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Uyğunsuzluq əsasən həmin avtomobillərin mühərriklərində aşkarlanıb.

Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də, bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir.

Ötən il həmçinin texniki baxışa təqdim edilən, digər qaydaları pozan sürücülər də aşkar edilib. Belə ki, son zamanlar texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini texniki baxışa gətirərkən yolda xüsusi texniki vasitələr tərəfindən aşkarlanan qayda pozuntularından yayınmaq üçün eyni markalı lakin başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını öz nəqliyyat vasitələrinə bağlayırlar. Bu cür hallar da mərkəzin əməkdaşları tərəfindən aşkar edildiyi təqdirdə həmin sürücülər inzibati məsuliyyətə cəlb edilirlər.

“Qeyd edək ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Sürücülərə tövsiyə edilir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər”, – məlumatda qeyd edilib.