Düşmənin qorxulu yuxusuna çevrilən şəhidin döyüş yolu – VİDEO

0
431

O, 22 yaşında şəhidlik zirvəsinə ucaldı. Yaşı gənc olsa da, xidmət zamanı nümayiş etdirdiyi yüksək peşəkarlığına görə tağım komandiri vəzifəsinə layiq görülüb.

Söhbət Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Səyədulla Əhmədovdan gedir.

O, hələ kiçik yaşlarından hərbə olan marağı ilə seçilib. Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub boya-başa çatan Səyədulla ailənin ilk övladı olub. Ailə üzvlərinin sözlərinə görə, o, hələ uşaqlıqdan zəhmətkeşliyi ilə də fərqlənib.

Şəhidin atası Rasim Əhmədov deyir ki, övladının hələ kiçik yaşlarından hərbə marağı onun 2017-ci ildə xidmət zamanı peşəkar BMP atıcısı kimi yetişməsinə səbəb olub.

Şəhidin anası Yeganə Əhmədova övladının qəhrəmanlıqları ilə fəxr edir. O deyir ki, 44 günlük müharibənin ilk günlərində məhz Səyədulla Əhmədov kimi cəsur əsgər və zabitlərin hərbi uğurları nəticəsində Azərbaycanın düşmən tapdağı altında olan torpaqları işğaldan azad olunub.

Şəhidin əmisi Namazəli Əhmədovun sözlərinə görə, qəhrəman döyüşçümüz Vətən müharibəsində cəbhənin cənub istiqamətində gedən döyüşlərdə sərrast atəşləri ilə dəfələrlə düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi peşəkarlıq nümayiş etdirib.

Sərrast atıcı kimi döyüşlərdə daim öndə gedən Səyədulla oktyabrın əvvəlində iştirak etdiyi hərbi əməliyyat zamanı qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!