“Financial Times” nəşrinin araşdırmasında deyilir ki, qarşıdurma və qeyri-sabitlik mərhələsinə qədəm qoyan qlobal neft bazarının çöküşü yaxınlaşır. Nəşr yazır ki, gələn həftə Avropanın Rusiya neftinin dənizdən daşınmasını əngəlləməsi ilə qlobal neft bazarında köhnə nizamın ölümü baş verəcək. Bu, Putinin Ukraynadakı müharibəsinə ən sərt cavablardandır. Yeni sanksiyalarla Qərb dövlətləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çalışacaqlar.
Enerji mütəxəssisləri hesab edirlər ki, qarşıdakı günlər neft bazarı və hələ də xammaldan çox asılı olan dünya iqtisadiyyatı üçün təhlükəli dövrdür. Amerikalı analitik Rocer Divan hesab edir ki, dünyanı qarşıdurma və qeyri-sabitlik gözləyir.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a bildirib ki, Rusiya neftinin tankerlərlə Avropaya daşınmasını əngəlləmək, həmçinin Rusiya nefti üçün yuxarı qiymət həddinin tətbiqinə start verilməsinin planlaşdırılması dünya bazarına iki gündür ki, öz təsirlərini göstərməkdədir:
“Atılan bu addım dünya bazarında neftin qiymətinin inzibati yollarla aşağı salınmasına aparan bir addımdır. Ona görə də neft tacirləri əllərindəki nefti daha çox bazara təklif edirlər ki, sonrakı aylarda qiymət daha aşağı olacaq və ziyana düşməsinlər. Biz görürük ki, gələn ilin əvvəlindən neft qiymətləri aşağı düşəcək. Fərq böyük olmasa da, azalma meyli var. İkinci bir tərəfdən, əsas məsələ bazarda hələ dumanlı bu qadağanı tətbiq edəndən sonra vəziyyətin necə dəyişəcəyi ilə bağlıdır. Reallıq bundan ibarətdir ki, təbii olaraq Rusiya nefti Asiya bazarına axacaq. Belə olduqda isə, təklif tələbi üstələyəcək və qiymət aşağı enəcək. Həmin bazara ənənəvi olaraq neftini göndərən şirkətlər LNG (maye qaz) kimi onun üzünü Avropaya döndərəcəklər. Avropada hansı ki, Rusiyadan əvvəl gələn həcmlər vardı, onlar kompensator olunacaq və bəlkə daha da artdı. Ümumilikdə, dünya bazarında qiymət 2022-ci ildəkindən aşağı göstəriciyə hədəflənir və hazırda ona doğru gedir”.
Bəs, qlobal neft bazarında gözlənilən çətinlik neft istehsalçısı olan Azərbaycan üçün nə vəd edir?
İlham Şabanın sözlərinə görə, cari ildə neftin orta qiyməti yüksək olub, ancaq noyabrın son həftəsində kifayət qədər eniş gördük. Amma bununla belə, Azərbaycan neftinin orta qiyməti 100 dollar proqnozlaşdırılır:
“Oktyabrın əvvəlində verilən proqnoz 102 dollar idi. Hazırda qiymətin bir qədər azalması ilə bağlı 100 dollar ola bilər. Ötən il neftin orta qiyməti 71 dollar idi. Biz görürük ki, bu, təxminən 45 faizdən çox qiymət artımıdır. Cari il üçün çox yüksək neft hasilatçısı və ixracatçısı olan ölkələr üçün kifayət qədər gəlirli və yaddaqalan il oldu. Gələn il üçün isə hələlik proqnozlar orta neft qiymətinin 5 dollar ucuzlaşacağı ilə bağlıdır. Hesab edirəm ki, müharibə səngisə belə, bazarda qiymətlər enəcək. Çox yox, ancaq bir qədər enmə özünü göstərəcək. Çünki neftin hazırkı qiymətində Rusiya-Ukrayna müharibəsinin riskləri özünü kifayət qədər göstərib. Hətta qeyd olunur ki, hər bareldə 20-25 dollar məhz müharibə riskidir”.
Akqabay Mıradov