Dünyada nüvə müharibəsi başlasa, Azərbaycanı nə gözləyir? – AÇIQLAMA

0
210

Bu gün Rusiya dünyanı birbaşa nüvə silahından istifadə etməklə hədələyir. ABŞ prezidenti Co Bayden isə bunun baş verə biləcəyi təqdirdə mümkün “qiyamət”dən danışır.

Nüvə müharibəsinin başlama ehtimalı nə qədərdir? Taktiki silahdan istifadə dünyanı və Azərbaycanı necə təhdid edir?

Bu və digər sualları müsahibəsində Azərbaycan Elmlər Akademiyasının üzvü, Milli Nüvə Tədqiqatları Mərkəzinin sabiq direktoru Adil Qəribov cavablandırıb.

– Bəşəriyyətin nüvə müharibəsi zamanı sağ qalması mümkündürmü? Əgər Rusiya Ukraynaya lokal zərbələr vursa, ölkəmiz üçün hansı nəticələr gözləyə bilərik?

– Ukraynaya qarşı taktiki silahlardan istifadə olunarsa, Azərbaycan üçün heç bir xüsusi nəticə olmayacaq. Hər hansı bir nüvə zərbəsindən sonra nüvə göbələyi əmələ gəlir – nüvə və ya termonüvə partlayışından sonra meydana gələn göbələk buludu, radioaktiv bulud da adlanır. Ölkəmiz istiqamətində güclü külək müşahidə olunarsa, o zaman minimal risklər yarana bilər. Məsələn, Çernobıl qəzası zamanı Xəzər və Qara dəniz sularında cüzi çirklənmə olub. Lokal zərbələrdən yalnız ən yaxın ölkələr zərər çəkir.

– Sadə vətəndaşlar özlərini nüvə zərbələrinin nəticələrindən necə qoruya bilərlər? Radioaktiv çirklənmənin qarşısını almaq üçün yod istehlak edilməli olduğumuz doğrudurmu?

– Yeri gəlmişkən, ölkəmizdə yod ətrafında yaranan həyəcan mənim üçün anlaşılmazdır, çünki bayaq dediyim kimi, Azərbaycana heç bir təhlükə yoxdur. Odur ki, hər hansı təhlükəsizlik tədbirlərinə riayət olunması üçün səbəblər də yoxdur.

Ümumiyyətlə, radiasiyadan qorunmağın bir neçə yolu var, amma mənim üçün ən vacib və təsirli olan çirklənmiş ərazilərdən qaçmaqdır.