2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir.
Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirib. Tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb.
İstehlakın artmasının başlıca səbəbi soyutmaya tələbatın artmasıdır. İqlim dəyişiklikləri nəticəsində kondisionerlərə və soyuduculara tələbat artır. Bundan başqa, nəqliyyatın elektrikləşməsi, data mərkəzlərinin yaradılması və süni intellektdən istifadənin genişlənməsi də elektrik enerjisi istehlakını sürətləndirir.