DÜNYA yaxın gələcəkdə hansı infeksiyalarla üzləşəcək? – ÜST açıqladı

0
542

Bəşəriyyət koronavirusa qarşı peyvəndləmənin dayandırılması səbəbindən bir neçə yoluxucu xəstəliklə üzləşə bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki nümayəndələri məlumat yayıb. Dünya əhalisi üçün yeni təhlükələr arasında mütəxəssislər qızılca və poliomielit epidemiyalarını xüsusilə qeyd edib.

“İmmunizasiya xidmətlərinin bağlanması koronavirusdan başqa xəstəliklərin baş vermə riski ilə müşayiət olunur. Təhlükəsiz və yaxşı öyrənilmiş vaksinlərin köməyi ilə bunun qarşısını almaq olar, ancaq pandemiya səbəbi ilə bəzi bölgələrdə peyvəndləmə dayandırılıb”, – deyə mütəxəssislər qeyd edib.

ÜST nümayəndələri keçən il Konqoda qızılca xəstəliyindən 6 mindən çox yerli sakinin həyatını itirdiyini xatırladıb:

“Peyvəndlərlə qarşısı alınan xəstəliklərdən qorunmaq üçün mübarizəni itirmək olmaz. Peyvənd etməsək, bu xəstəliklər qayıdacaq”, – deyə təşkilatın Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin fikrincə, koronavirus pandemiyasından əvvəl uşaqların peyvənd edilməsi sayəsində immunitetin inkişaf etdirilməsinə və bir çox irəliləyişə nail olunub. Keçən il beş yaşına çatmamış uşaqların təxminən 86% -i difteriya, tetanoz və s. əleyhinə peyvənd edilib. İyirmi il əvvəlsə peyvəndləmə dairəsi 72 faizdən çox deyildi, 1980-ci ildə uşaqların yalnız 20 faizi ölümcül xəstəliklərə qarşı peyvənd edilmişdi.

“Bu faktları nəzərə alsaq da, mövcud vaksinasiya səviyyəsi dünya əhalisinin bu xəstəliklərin baş verməsindən tam qorunması üçün zəruri olan 95%-i əhatə etmir” deyən ÜST ekspertləri bütün ölkələrin səlahiyyətlilərini immunitet xidmətlərini var gücləri ilə müdafiə etməyə çağırıb.