Dünya Ürək Gününə həsr olunmuş “Ürəklərimizi birgə qoruyaq” adlı aksiya keçirilir

0
492

Dünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Dünya Səhiyyə Təşkilatı, UNESKO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.

Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu da respublikamızın aparıcı müəssisəsi kimi bu günü qeyd edir. Bu məqsədlə institut sentyabrın 28-30-da Bakı şəhər ictimaiyyətinin və əhalisinin geniş hərəkət mərkəzlərindən biri olan “Gənclik mall”da “Ürəklərimizi birgə qoruyaq” adlı aksiya keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  insanların tibbi anlayışının artırılması və maarifləndirilməsi məqsədilə aksiya zamanı institutun əməkdaşları ürək-damar xəstəliklərinin artmasına səbəb olan risk amillərinin azaldılmasına yönəldilən ilkin profilaktik müayinələrin aparılması üçün tələb olunan göstəricilər haqqında məlumat verilib. Eyni zamanda, ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyələr edilib, bukletlər paylanılıb, müraciət edənlərin arterial qan təzyiqi, mərkəzi aortal təzyiqi ölçülüb, qanda şəkərin və xolesterinin səviyyəsi ekspress üsulla təyin edilib. Problemi olan şəxslərə həkimlər tərəfindən müvafiq məsləhətlər verilib.