Dünya şokda – Çində yayılan dəhşətli virusun mənbəyi tapıldı

0
469

“2019-nCoV” koronavirusu yarasalarda tapılmış koronavirusun və naməlum mənşəli başqa bir koronavirusun birləşməsidir və insanlara ilanlardan keçib.

 Alimlər Çində yayılan yeni koronavirusun genetik analizini aparıblar, onlar ehtimal edirlər ki, xəstəliyin mənbəyi Uhan şəhərinin bazarında satılan ilan əti olub.

 Alimlərin apardığı tədqiqatın nəticələri “Journal of Medical Virology” elmi jurnalında dərc olunub.

2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinə yoluxma faktları ilə bağlı məlumat verilib. Mütəxəssislər təyin ediblər ki, xəstəliyin törədicisi yeni tip “2019-nCoV” koronavirusudur. Onun insandan insana keçdiyi məlumdur.

Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, “2019-nCoV” koronavirusu yarasalarda tapılmış koronavirusun və naməlum mənşəli başqa bir koronavirusun birləşməsidir və insanlara ilanlardan keçib. Bu sürünənlərin orqanizmində virus zülalının rekombinasiyası baş verib və bundan sonra onun ilandan insanlara keçməsi mümkün olub.

Tədqiqatın nəticələri virusun ilkin mənbəyinin xəstəliyin yayılma mərkəzinə çevrilmiş Uhandakı topdansatış bazarında satılan məhsullar arasında olması barədə ilkin fərziyyəni tamamilə təsdiqləyir.

Elm adamlarının dediyinə görə, təbiətdə tez-tez yarasaları ovlayan ilanlar – zolaqlı krayt və kobra bu ölümcül virusun daşıyıcılarıdır. Bu növ ilanlar Uhandakı bazarda satılırdı.

Çin artıq yeni koronovirusun episentri olaraq qəbul edilən 11 milyon insanın yaşadığı Uhan şəhərinə giriş-çıxışı bağlayıb. “Reuters” xəbər verir ki, ölkə rəhbərliyi bu addımı virusun qlobal pandemiyaya keçməməsi üçün atıb.

Artıq Çinin müxtəlif əyalətlərində yeni növ koronavirusa yoluxmuşların sayı 570-i keçib. Onlardan 95-i ağır vəziyyətdədir.

Bir müddət öncə 17 nəfərin bu xəstəlikdən öldüyü bildirilib. Ölənlərin hamısı əsasən 65 yaşdan yuxarı insanlardır.

Çindən başqa Honkonq, Makao, Tayvan, ABŞ, Yaponiya və Cənubi Koreyada hərəsində bir yoluxma faktı qeydə alınıb. Tailandda isə üç belə yoluxma halı təsbit olunub.

Hazırda 4928 nəfər tibbi nəzarətdə saxlanılır. Onların xəstələrlə yaxın təmasda olduğu bildirilir.