Dünya planşetdən kütləvi kitab oxuma kampaniyalarına qayıdır – bəs biz…

0
1002

Qiymət Məhərrəmli:“Azərbaycandakı kitab evləri, nəşriyyatlar, QHT-lər, mədəniyyətlə əlaqədar qurumlar gənclərdə kitab oxuma mədəniyyətinin formalaşdırılması üçün kütləvi kitab oxuma aksiyaları keçirməlidir”

Aydın Xan Əbilov:”Azərbaycanda da kütləvi kitab oxuma kampaniyaları keçirilməsi ənənəsi var və hər il Heydər Əliyev Fondu mütaliə, oxu günləri keçirir”

Müasir dünyanın ağıllı adamları, düşünən beyinləri haqlı olaraq deyirlər ki, nə kompüter, nə də digər çağdaş texnoloji vəsitələr kitabın insana qazandırdığı bilik və müsbət vərdişləri əvəz edə bilər.

Sirr deyil ki, son illər internet resurslarının meydana gəlməsi və onların həyatımızın ayrılmaz hissəsinə çevirilməsi kütləvi olaraq insanları kitab oxumaq vərdişlərindən ayırdı. Bu proses təkcə bizim cəmiyyətdə deyil, başqa cəmiyyətlərdə də getdi. İnsanların, xüsusən də gənc nəslin kitabdan uzaq düşməsi ciddi fəsadlara səbəb oldu. Ümumiyyətlə, dünyanın bütün alimləri, bilim adamları, yazıçıları, filosofları həmişə qeyd ediblər ki, kitab oxumaq insanın zehnini inkişaf etdirir, yaddaşını möhkəmlədir, nitqini inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir. Bəlkə də çoxlarımızın yaddaşında baş verən deformasiyalar bizim kitabdan ayrı düşməyimizlə əlaqədardır.

Bu gün dünyada kütləvi oxu mədəniyyətinin təbliğatı tendensiyası yayılıb. Dünyanın müxtəlif ölkələrində kitabın gənc nəsil arasında təbliğ olunması istiqamətində fərqli formalarda aksiyalar, kampaniyalar keçirilir. Bir neçə gün əvvəl qardaş Türkiyənin Antalya şəhərində də kütləvi oxu aksiyası keçirildi. 15-20 min nəfər məktəbli bu aksiyaya cəlb edildi və onlar dənizin kənarında kitab oxudular. Bu gün dünya ölkələrində düşünən, ağıllı xalqlar artıq internetdən, planşetdən imtina edərək kitab oxumağa üstünlük verirlər. Sözsüz ki, belə kütləvi oxu kampaniyalarının Azərbaycanda da keçirilməsi vacibdir.

Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli bildirdi ki, Azərbaycanda gənclərin kitab oxuma vərdişlərindən uzaq düşməsi ciddi fəsadlar yaradıb. Q.Məhərrəmlinin sözlərinə görə, gənc nəslin kitaba qaytarılması üçün yalnız Bakıda deyil, Azərbaycanın ən ucqar rayonlarında belə, davamlı kütləvi kitab oxuma kampaniyaları keçirilməlidir. Müasir dünyanın kitaba qayıtmasının təsirlərinin Azərbaycanda da hiss ediləcəyini deyən Q.Məhərrəmlinin sözlərinə görə, bizdə kitabın təbliğatı üçün bütün imkanlar var, yetər ki, bu işi təşkil edən qurumlar meydana çıxsın. Bunun daha çox ictimai məsələ olduğunu deyən Q.Məhərrəmli hesab edir ki, ölkədə mövcud olan kitab mərkəzləri, mağazaları, çap evləri, qeyri-hökümət təşkilatları, bələdiyyələr, yaradıcı qurumlar Azərbaycanda gənc nəsil arasında kitab oxumaq vərdişlərinin yayılması istiqamətində tədbirlər həyata keçirməlidir:”Bəzən hesab edirlər ki, cəmiyyətdə kitabın təbliğatı, gənc nəsildə oxu mədəniyyətinin formalaşdırılması məsələsi aidiyyəti dövlət qurumlarının işidir. Mən isə belə düşünmürəm. Bu gün Azərbaycanda kifayət qədər ictimai təşkilatlar var ki, həmin təşkilatlar gənclərin kitaba, oxuya qaytarılması üçün ciddi təbliğat işləri həyata keçirməlidir. Dövlət öz üzərinə düşən işi görür. Bəs bu istiqamətdə ictimai qurumlar, kitab evləri, nəşr mərkəzləri nə iş görürlər?  Hesab edirəm ki, Azərbaycandakı kitab evləri, nəşriyyatlar, QHT-lər, mədəniyyətlə əlaqədar qurumlar gənclərdə kitab oxuma mədəniyyətinin formalaşdırılması üçün kütləvi kitab oxuma aksiyaları keçirməlidir. Bunun üçün bizdə hər cür şərait var. Bakı Bulvarında, eləcə də parklarda bu cür aksiyalar təşkil etmək mümkündür. Azərbaycanın digər rayon və şəhərlərində də kütləvi oxu kampaniyaları keçirmək üçün şərait var. Həmin yerlərdə də böyük parklar, meydanlar var. İnternetin gənclərimizi oxudan uzaqlaşdırdığı faktdır. Bu gün biz gənclərimizi kitaba qaytara bilməsək, daha da ciddi problemlərlə – mənəvi problemlərlə üzləşə bilərik. Azərbaycan ədəbiyyatı çox zəngindir və gənclərin ədəbiyyatımızla tanış olması çox vacibdir. Eləcə də bizdə dünya ədəbiyyatının çox görkəmli yazıçı və şairlərinin əsərləri tərcümə edilib, həmin əsərlərlə də gəncliyimiz yaxından tanış olmalıdır”-deyə Q.Məhərrəmli bildirdi.

Q.Məhərrəmli qeyd etdi ki, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir və kitabların insanlara verdiyi töhfələr internetin verdiklərindən çox üstündür. O həmçinin hesab edir ki, kitab oxuma insanlar arasında əlaqəni gücləndirir, onların nitq qabiliyyətini formalaşdırır,

Onun sözlərinə görə, dünyanın bir çox mütəxəssisləri bildirir ki, kitab oxumaq yaddaşı qüvvətləndirir və Alzheymer risqini azaldır. “Kitabın faydaları həddindən artıq çoxdur. Hesab edirəm ki, Azərbaycanda kütləvi oxu kampaniyaları başlasa və bu vacib istiqamət gənclər arasında təbliğ edilsə Azərbaycan gəncliyi də internet resurslarından, kompüterdən, planşetdən, mobil telefondan uzaqlaşıb kitaba üz tutacaq. Bundan isə xalq olaraq biz qazanacağıq. Bu gün gənclərin çoxu planşetdən, kompüterdən istifadə etdiyi üçün kitaba əhəmiyyət vermək istəmir. Ancaq gənclər görəcək ki, tez-tez parklarda, bulvarda, meydanlarda kitab oxuma aksiyaları keçirilir, kitab təbliğ olunur, onlar da kitab oxumağa meyl göstərəcəklər”-deyə o qeyd etdi.

Yeni Yazarlar və Sənətçilər qurumunun rəhbəri, yazıçı-kultroloq Aydın Xan Əbilov  bizimlə söhbətində bildirdi ki, son dövrlər meydana çıxan yeni texnologiyalar müxtəlif sahələrlə bərabər mütailəyə, yazı mədəniyyətinə, virtual oxu mədəniyyətinə, eyni zamanda kitaba, mətnə də təsir edib. “Nə qədər acı səslənsə də, XXI əsr mətn, yazı əsri deyil, daha çox vizual, virtual, səsli mətnlərin, filmlərin, serialların, televiziya proqramlarının, internet proqramlarının və saytların əsridir. Ona görə də get-gedə kitab, çap nümunələri sıradan çıxır və çıxacaq da. İlkin araşdırmalara görə, biz gözləyirdik son 5 ildə elektronlaşma  o qədər güclü olacaq ki, kağız, mətn daşıyıcıları ümumiyyətlə sıradan çıxacaq. Burada söhbət onların janrından, mövzusundan deyil, formatdan gedir. Ona görə də, bir çox ölkələr paralel olaraq həm çapa, həm də elektron, onlayn kitablara üstünlük verir. Müxtəlif ölkələrdə kütləvi oxu, mütailə günləri keçirilir. Azərbaycanda da tez-tez oxu mədəniyyətinin yayılması, təbliği ilə bağlı mütailə günləri keçirilir. Azərbaycanda da kütləvi kitab oxuma kampaniyaları keçirilməsi ənənəsi var və hər il Heydər Əliyev Fondu mütaliə, oxu günləri keçirir. Bizim Yeni Yazarlar və Sənətçilər qurumu da bu istiqamətdə tədbirlər keçirir. Azərbaycan Yazıçılar Birliyi də tez-tez kitab oxuma ilə bağlı tədbirlər təşkil edir. Milli Kitabxanada da, müxtəlif ali məktəblərdə, o cümlədən də rayonlarda da kitab bayramlarının, sərgilərinin  təşkil edilməsinin şahidi oluruq. Ancaq əlbəttə, insanları məcbur edə bilmərik ki, çap kitabı oxusunlar. Bilirik ki, kağız kitabların da tirajı çox azdır və bu bütövlükdə Azərbaycan oxucusuna çatmır. 300-500 tirajla çap olunan kitabları hər kəs oxuya bilmir. Ona görə də, kitabın elektron variantda da oxunmasının tərəfdarıyıq”-deyə A.X.Əbilov qeyd etdi.

Onun fikrincə, əsas o deyil ki, gənc nəsil ya kağız kitabdan, ya da elektron kitabdan istifadə edir, əsas odur onların oxuya marağı artsın. Əsas hədəfimizin bilik qazanmaq, intellektual səviyyəmizi artırmaq üçün davamlı mütaliyə etmək olduğunu deyən A.X.Əbilovun bildirdiyinə görə, kitabı gənclərə sevdirmək üçün daha çox təbliğat aparmalıyıq. O inanır ki, tezliklə Azərbaycan insanının, gəncliyinin kitaba üz tutduğunun şahidi olacağıq. Ekspert onu da bildirdi ki, ölkəmizdə davamlı olaraq kitab bayramlarının keçirilməsinin, yazıçı və şairlərlə görüşlərin təşkil edilməsinin də gənclərin oxuya qayıdışına təkan verəcəyi sirr deyil.

İradə SARIYEVA