Dünya müəllimlər gününü qeyd edir

0
508

5 oktyabr “Beynəlxalq müəllimlər günü”dür. Heç kimə sirr deyil ki, bəşəriyyətin ən böyük müəllimi İslam Peyğəmbəri Həzrət Muhəmməddir (s). Alimin də, professorun da, həkimin də və s. əlindən tutub ilk kəlməni yazdıran şəxs – müəllimlərdir. Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzssizdir. Bizim dünyagörüşümüzü açan şəxs müəllimdir. Biz insanları düzgün yola çəkən, dövlətə yararlı şəxs edən müəllimlərdir. Onların bizim həyatımızda olan rolunu heç vaxt unutmaq olmaz. Əminik ki, sizlər də bizim kimi onlara minnətdarsız.

Beynəlxalq müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Müəllim – ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir…
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyi olan uşaqları müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir – xalqın, dövlətin gələcəyini formalaşdırmaq, “Təhsil haqqında” qanunda təsbit olunduğu kimi, “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”.
Bu baxımdan dahi mütəfəkkir N.Tusinin fikirləri daha maraqlıdır.
“Hər sənətin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatındakı şərəfindədir…
Deməli, bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır…
Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?!” (Əxlaqi-Nasiri, səh.81).
Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.
Ona görə də hər bir müəllim bilməlidir ki, hər bir uşaq – fikirləri, görüşləri, hissləri, duyğuları, maraqları, sevincləri, həyəcanları, kədərləri və qayğıları ilə özünəməxsus xüsusi bir dünyadır. Müəllim şagirdlərin bu mənəvi dünyasını görməli və bilməlidir. Hər bir müəllim məktəbin mənəvi həyatına hissiyyatlılıq, qayğıkeşlik, dostluq, mehribanlıq xüsusiyyətlərini gətirməlidir. “Təlim və təhsilin çətin məqamlarında müəllim şagirdlərini hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə onlarda gözəl arzu və ümid qığılcımları oyatmalıdır”

Əkbər Əli, Ənvər Talıblı