Universal döyüş növü üzrə Türkiyənin Antalya şəhərində dünya çempionu olmuş Mehman Hüseynovun müsahibəsi
– 8-12 dekabrda keçirilmiş dünya çempionatında iştirak etmisiniz. Yarış barədə məlumat verərdiniz…
– Bu yarışda 32 idmançımız iştirak edirdi. Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi ilə ora yollanmışdıq. 32 ölkədən 600-700 idmançı mübarizə aparırdı.
Antalyadan 2 medalla qayıtmışam. Fərdi yarışlarda dörd döyüş keçirdim. Özbəkistan, Litva, Moldova və Ukrayna idmançıları ilə qarşılaşdım və bürünc medal qazandım. Komanda yarışlarında isə 6 ölkənin idmançılarına qarşı mübarizə apardıq. İran, Qazaxıstan, Özbəkistan, Moldova, Litva və Ukraynaya qalib gələrək dünya çempionu olduq. Ümumilikdə Azərbaycana 9 qızıl, 12 gümüş və 16 bürünc medalla qayıtdıq.
– Daha əvvəl hansı nəticələriniz olub?
– 5 dəfə Avropa ikincisi, 1 dəfə Avropa çempionuyam. 5 dəfə dünya mükafatçısı olmuşam, 1 dəfə isə Dünya Kubokunun sahibiyəm.
– Özünüz harada işləyirsiniz?
– Şirvan şəhərində fəaliyyət göstərən neft şirkətində usta vəzifəsində işləyirəm.
– Qarşıda hansı yarışınız var?
– Avropa çempionatı olacaq. Bu da Türkiyədə keçiriləcək.
Bildiyimizə görə, özünüz həm də Vətən Müharibəsi iştirakçısınız. Bu barədə də fikirlərinizi öyrənək…
– Oktyabrın 9-da könüllü olaraq müharibəyə getmişəm. Kəlbəcər – Laçın istiqamətində döyüşlərdə iştirak etmişəm. Kəşfiyyat bölüyündə olmuşam.