Dünya çempionatında yeganə medalımızı qazandı, finalda erməni ilə qarşılaşacaq

0
343

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda macarıstanlı Levente Heqeduşu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Dünya çempionatında yeganə medalımızı qazanan boksçumuz finala vəsiqə üçün erməni əsilli Rusiya təmsilçısi Robert Bədəlyanla qarşılaşacaq.

Hüseynovdan fərqli, millimizin digər boksçuları Əli Zamanov (-52 kq), Əzrək Bəbirov (-56 kq) və Murad Allahverdiyev (-81 kq) birinciliyi beşinci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, final qarşılaşmaları isə ayın 23-də olacaq.