DTX-dən sosial şəbəkədə erməni təxribatları ilə bağlı vətəndaşlara MÜRACİƏT

0
430

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

“Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və “messenger”lərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir.

Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijanhttps://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan),  “WhatsApp” və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər”, – məlumatda qeyd edilir.