Dövlət Sərhəd Xidməti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq, dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
DSX-dən daxil olan məlumatda qeyd olunur ki, bu tədbirlər çərçivəsində DSX rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Hərbi prokurorunun müavini, ədliyyə general mayoru Rasim Kazımovun DSX-nin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.
DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.
Tədbirin sonunda DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə müşavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.