Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, maliyyə sanksiyalarına məruz qalmamaq üçün vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulan məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir.
Eyni zamanda, istehlakçılar belə hallarla qarşılaşdığı halda, yəni vergi ödəyicisi tərəfindən təqdim edilən çekdə malın əks olunmadığı halda, bu barədə dövlət vergi orqanlarına müraciət edə bilərlər.
Qeyd edək ki, fiziki şəxs olan istehlakçılar tərəfindən yeni nəsil nəzarət-kassa aparatı quraşdırılan pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin müəyyən hissəsi, yəni nağd ödəmələr zamanı ƏDV-nin 10%-i, nağdsız ödəmələr zamanı isə ƏDV-nin 15%-i istehlakçıya geri qaytarılır.