Dövlət uşaq müəssisələrinin məzunlarından bir qrupuna mənzil verildi – FOTO

0
288

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupuna Abşeron rayonundakı yaşayış kompleksindən mənzillər verilib. 

Nazirlikdən bildirilib ki, yeni mənzillərin açarlarını Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev təqdim edib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas əhali qruplarından olan digər şəxslərin də sosial-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlər dövlət uşaq müəssisələrinin məzunlarını da əhatə edir.

Bu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində də mühüm işlərin görüldüyü vurğulanıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir. 

Eyni zamanda, yeni yaşayış komplekslərindən dövlət uşaq müəssisələrinin məzunlarına da mənzillər verilir və həmin kateqoriyaya aid 186 vətəndaş bu il yeni yaşayış binalarında mənzillərlə təmin edilib.

Yeni mənzillə təmin olunan məzunlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.