“Dövlət səviyyəsində özünüməşğulluq proqramının icrası dünyada ilk dəfə məhz Azərbaycanda baş tutub

0
424

 

Dövlət səviyyəsində ÖZÜNÜMƏŞĞULLUQ proqramının icrası dünyada ilk dəfə məhz Azərbaycanda baş tutub.

Bunu açıqlamasında “EKVİTA consulting”in əməkdaşı, iqtisadçı Fariz Yadigarov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti pandemiya dövründə ölkədə lazımi qabaqlayıcı tədbirlər görüb. Qabaqlayıcı tədbirlər bu sahədə yaranacaq bəzi problemlərin qarşısını alıb:

“Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclas keçirdi. Budəfəki görüşün də əsas mövzusu təbii ki, hal-hazırda qlobal miqyas almış pandemiya problemi, onun yaratdığı əsas çətinliklər və bu çətinliklərin aradan qaldırılması üzrə dövlətin apardığı ardıcıl tədbirlərin təhlili, habelə perspektivdə nəzərdə tutulan tədbirlərin müzakirəsi oldu. Dünya neft bazarında baş verən proseslər, məlum pandemiya səbəbindən ilin əvvəlindən iqtisadi aktivliyin azalan dinamika ilə dəyişməsi hökumət tərəfindən mövcud şəraitdə daha adekvat və çevik iqtisadi və sosial siyasət yürüdülməsini zəruri edir”.

İqtisadçı vurğulayıb ki, iqtisadiyyatının əsasını neft ixracı təşkil edən bir ölkə kimi Azərbaycan daha böyük və çətin sınaqlar qarşısındadır:

“İndi dövlət qarşısında duran əsas məsələ bir tərəfdən neftin qiymətindəki eniş və nəticə etibarilə azalan gəlirlər fonunda ən yumşaq formada desək, dövlət xərclərinin optimallaşdırılması, digər tərəfdən isə iqtisadi aktivliyin daha da azalması, həmçinin tətbiq edilmiş xüsusi karantin rejimi nəticəsində fəaliyyəti məhdudlaşdırılmış və ya qadağan edilmiş sahələrdə çalışan şəxslərin, habelə işsiz əhalinin sosial təminatında gərginliyin artmasının qarşısının alınmasıdır. Çox sevindirici haldır ki, bu istiqamətdə bir sıra addımlar atılıb. İstər pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə məqsədli maliyyə dəstəyinin göstərilməsi, istərsə də əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin qismən də olsa yaxşılaşdırılması üzrə operativ proqramlar qəbul olunub və icrası davam etdirilir”.

F.Yadigarov qeyd edib ki, bu proqramların əhatə dairəsinin, maliyyə təminatının kəmiyyət göstəricilərinin təhlilindən yan keçərək onu qeyd etmək lazımdır ki, əsas olan fakt, mövcud vəziyyətdə dövlətin ortaya qoyduğu iradədir və bir tendensiya olaraq müsbət qiymətləndirilməlidir:

“Doğrudur, dövlət tərəfindən istər sahibkarlıq subyektlərinə, istərsə də aztəminatlı şəxslərə maliyyə dəstəyinin göstərilməsi öz-özlüyündə müsbət haldır. Dövlət, cəmiyyət qarşısında məlum şəraitdə öz öhdəsinə düşəni bu və ya digər formada yerinə yetirir. Lakin cəmiyyət – konkret olaraq, müvafiq proqramların əhatə etdiyi subyektlər də öz növbəsində bu tədbirlərin mahiyyətini düzgün anlamalı, özlərindən asılı olan məsələlərin – burada həm hüquqlarının, həm də vəzifələrinin reallaşdırılmasını nəzərdə tuturam – yerinə yetirilməsində səhlənkarlığa yol verməməlidirlər”.

Ekspert bildirib ki, iqtisadiyyata dövlət tərəfindən hər hansı formada maliyyə dəstəyinin göstərilməsi müsbət haldır:

“Lakin heç də dayanıqlı mexanizm deyildir. Dünya iqtisadi konyukturunda, o cümlədən ölkədəki mövcud iqtisadi vəziyyət, məntiqi olaraq postpandemiya dövrünün heç də rahat keçməyəcəyindən xəbər verir. Ona görə də hazırkı şəraitdə dövlət xərclərinin həm də məqsədli investisiya xarakterli proqramlara yönəlməsində fayda vardır. Şübhəsiz ki, belə proqramlardan biri də özünüməşğulluq proqramıdır. Ümumiyyətlə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanda dövlətin özünüməşğulluq proqramının əsas məqsədləri olaraq mərhələli şəkildə ünvanlı sosial yardım mexanizmindən sosial reabilitasiyaya keçidin təmin edilməsi, o cümlədən aztəminatlı ailələrinin sosial təminatının gücləndirilməsi, dövlətdən asılılığın özünütəminetmə ilə əvəzlənməsi, gəlirlərin dayanıqlığının təmin edilməsi və sahibkarlığının inkişafı kimi hədəflər hesab edilir. Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində – ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yoxsulluq səviyyəsinin azaldılması və s. paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Göründüyü kimi, sadalanan məqsədlər bu proqramın nə qədər vacib sosial-iqtisadi tədbir olduğunu, icrasına nə qədər ciddi yanaşılmalı olduğunu göstərir. Bu sahədə demək olar ki, ilk vacib addım Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə ilk dəfə olaraq dövlət səviyyəsində özünüməşğulluq proqramının tətbiqinə başlanılması oldu. Bu sərəncamla özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə 6 milyon manat vəsait ayrıldı. Burada xüsusilə vurğulanmalıdır ki, dövlət səviyyəsində özünüməşğulluq proqramının icrası dünyada ilk dəfə məhz Azərbaycanda baş tutub”.

İqtisadçı onu da qeyd edib ki, 2016-cı ildən etibarən Azərbaycanda icrasına başlanılan dövlət özünüməşğulluq proqramının beynəlxalq praktika ilə fərqləndirən müəəyən elementlər var:

“Belə ki, dünyada ilk dəfə olaraq özünüməşğulluq proqramı çərçivəsində dövlət vəsaiti hesabına ailəyə birbaşa maliyyə yardımı, eləcə də biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bundan başqa, Azərbaycanda icra edilən proqram bütövlükdə ölkə ərazisini əhatə edir. Həmin dövrdən etibarən bu sahədə müəyyən müsbət nəticələr də əldə edilmişdir. Ən əsası isə bu istiqamətdə dövlət tərəfindən ayrılan vəsaitin həcmində ildən-ilə artım müşahidə olunur. Ölkə başçısının məlum iclasda da bir daha dövlətin əsas prioritetlərini səsləndirməsi və xüsusilə insanların həyatı və sosial müdafiəsinin önəmini, əmək bazarının inkişafı və hər bir əmək qabiliyyətli vətəndaşın səmərəli məşğulluğuna şərait yaradılmasının vacibliyini vurğulaması analoji layihələrin icrasında dövlətin iradəsini və bu işdə israrlı olduğunu ifadə edir”.

F.Yadigarov deyib ki, özünüməşğulluq proqramlarının ölkədə sosial-iqtisadi sabitliyin qoruması və pandemiya təsirlərinin minimallaşdılması istiqamətində rollarına gəlincə, bu proqram mahiyyət etibarilə strateji layihə olduğundan qısa müddətdə hər hansı ciddi nəticələr gözləmək düzgün olmazdı:

“Təbii ki, müəyyən istiqamətlərdə cüzi də olsa müsbət nəticələr ola bilər. Lakin, bir daha qeyd edirəm, bu strateji layihədir və indi icra olunan proqramdan nəzərdə tutulan nəticələrin alınması üçün ən azı bir il gözləmək lazımdır. Bu baxımdan ümid edirəm ki, pandemiya təhlükəsi daha tez müddətdə aradan qalxacaq və qeyd olunan layihələrin nəticələri əldə edilərkən bu barədə danışmağa ehtiyac qalmayacaq. Proqramın ölkədə sosial-iqtisadi sabitliyin qorumasına müsbət təsirinin isə istənilən halda olacağını düşünürəm. Zatən burada məqsəd də elə bundan ibarətdir. Amma bir məsələni diqqətdən qaçırmamalıyıq ki, bu da, effektivlik amilidir. Proqramın efektivliyi öz növbəsində onun düzgün, obyektiv şəkildə icrasından asılıdır. Bu işdə həm icraçı olaraq müvafiq dövlət orqanlarının, həm də proqramın əhatə etdiyi subyektlərin üzərinə böyük məsuliyyət düşür. Məlum olduğu kimi, özünüməşğulluq proqramının icrasını həyata keçirən əsas qurum olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proqramın səmərəli icrasının təmin edilməsi məqsədi ilə Nazirlikdə xüsusi komissiya yaradılıb və proqramda iştirak qaydalarının, maliyyələşdirmə şərtlərinin, monitorinq mexanizmlərinin müəyyənləşdirilməsi üçün “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili Tələbləri” təsdiq edilib”.

Ekspert onu da qeyd edib ki, ötən illərin təcrübəsi bu şərtlərin yerinə yetirilməsində müəyyən çətinliklərin olduğunu üzə çıxarıb:

“Bu isə qeyd olunan tələblərin kifayət qədər ictimailəşdirilməməsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, ilk növbədə dövlət proqramının icrası ilə bağlı məlumatlılıq səviyyəsi yüksəldilməli, əvvəlki illərdə proqramın icrası zamanı ortaya çıxan çətinliklər təhlil olunaraq həll mexanizmləri müəyyənləşdirilməli, maarifləndirici materialların hazırlanması və ərazi, fəaliyyət növü və s. meyarlar nəzərə alınmaqla məqsədli təyinatı üzrə təqdim edilməsi təmin olunmalı, proqramın icrasında şəffaflığın, proqrama ictimai inamın artırılmasına nail olunmalıdır. Bunlarla yanaşı, proqram iştirakçılarının maliyyə çıxış imkanları genişləndirilməli, regional və sahəvi fərqlər nəzərə alınmaqla differensial maliyyələşmə tətbiq edilməli, proqram iştirakçıları arasında sağlam rəqabətin dərinləşdirilməsi və yeni qurulan biznes fəaliyyətlərinin müvəffəqiyyət göstəricilərinin artırılması üçün stimullaşdırıcı mexanizmlər müəyyənləşdirilməlidir. Bu kimi amillərin nəzərə alınması təbii ki, proqramın daha səmərəli icrasına kömək etməklə yanaşı, növbəti dövrlər üçün iqtisadi və sosial sahədə müxtəlif istiqamətlər üzrə müsbət makro göstəricilərin əldə olunmasına, o cümlədən fərdi sahibkarlıq, təşəbbüskarlıq meyllərinin artmasına, əhalinin gəlirlərinin kənar qeyri-iqtisadi amillərdən asılılığına son qoyulmasına və s. səbəb olar”.