2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24 milyard 124 milyon manat proqnoza qarşı 24 milyard 679,2 milyon manat və ya 102,3 faiz icra olunub ki, bu da 2019-cu illə müqayisədə 461,1 milyon manat və ya 1,9 faiz çoxdur.
Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda qeyd edilib.
Belə ki, 2020-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 milyard 677,2 milyon manat və ya 105,4 faiz icra edilib. Bu isə 2019-cu illə müqayisədə 63,7 milyon manat və ya 0,6 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 milyard 387,2 milyon manat vəsait təmin edilib və bu da proqnoza nisbətən 197,2 milyon manat və ya 2,7 faiz çoxdur.
Həmin vəsaitin 75,6 faizi və ya 5 milyard 585,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 milyon manat və ya 3,4 faiz, həmçinin, 2019-cu illə müqayisədə 153,1 milyon manat və ya 2,8 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 938,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 108,2 milyon manat və ya 2,8 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfer, yəni 12 milyard 200 milyon manat vəsait daxil olub.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 207,9 milyon manat və ya 25,9 faiz az, 2019-cu illə müqayisədə isə 17,2 milyon manat və ya 3 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 2,3 milyon manat və 28,8 faiz çoxdur.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait daxil olub.