Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

0
504

Dövlət İmtahan Mərkəzi dekabrın 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 511, BB qrupu üzrə 1756, ümumilikdə isə 2267 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və üç saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına altı ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 212 nəzarətçi‑müəllim, 24 nəfər buraxılış rejimi əməkdaşı, altı bina nümayəndəsi ayrılıb.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

imtahana buraxılış vərəqəsi.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.