“Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb”Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik – ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik”, – deyə dövlət başçısı əlavə edib.
İlham Əliyev qeyd edib ki, düşmən Kəlbəcərə yeni eybəcər bir ad verib:
“Onlar “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün yeddi rayonu da aid etmişlər “Dağlıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər.
Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur “Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır”.