Dövlət 13 mindən çox tələbənin təhsil haqqını ödəyib

0
455

Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

Nazirlikdən verilən məlumatda bildirilir ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az  elektron portalına müraciət etmiş 15 209 tələbənin, o cümlədən ali təhsil müəssisələrində təhsil alan 12 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.