Fatma nənənin doqquz övladı, 57 nəvəsi, 63 nəticə və iki kötücəsi var. Yeddi övladına ali təhsil verib, bir oğlu professor olub. Ağbirçək nənə düz bir əsrə şahidlik edib.
Fatma Əhmədova 1922-ci il yanvarın 3-də Qubanın Növdün kəndində dünyaya göz açıb. Ailə qurduqdan sonra qonşu Şuduq kəndində yaşayıb. Hazırda isə Qubada qızının yanında qalır.
Gənc ailə olarkən həyat yoldaşı Mürsəl Əhmədov İkinci Dünya müharibəsinə gedib. Bu səbəbdən Fatma nənə min bir zəhmətə qatlaşmalı olub.
Həyat yoldaşı müharibədən yaralı qayıdır. Yarası sağalsa da, sonradan 53 yaşında dünyasını dəyişir. Doqquz övladını təkbaşına böyüdür. O günləri isə kövrələrək xatırlayır.
100 yaşlı nənə deyir ki, əlindən hər iş gəlib. Övladlarını boya-baş çatdırmaq üçün özünü oda-közə vurub.
Ağbirçək nənə özünü hazırda çox yaxşı hiss etdiyini bildirir. Dağ havası və təbii məhsullarla qidalanmağın uzun ömür sürməsinin səbəbi olduğunu deyir.
Qeyd edək ki, Fatma Əhmədova Quba rayonunun yaşı 100-ü ötən yeganə sakinidir.
Ətraflı süjeti təqdim edirik: