Dönərxanalarda araşdırmalar aparıldı – RƏSMİ

0
407

Dönər biznesi ilə məşğul olan subyektlərdə araşdırmalar aparılıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl bildirib.

Onun sözlərinə görə, bu bizneslə məşğul olan sahibkarlıq subyektlərinin dövlət dəstəyinə ehtiyacı olduğu müəyyənləşib:

“AQTA-nın təşəbbüsü ilə yaradılmış və digər dövlət qurumlarının dəstəyilə ərsəyə gələn layihənin məqsədi dönər biznesində sahibkarlara dəstək verilməsidir. Layihə çərçivəsində seçilmiş dönər biznesi subyektlərinin imkanları genişləndiriləcək. Bura avadanlıqlar, eyni zamanda obyektin texniki baxımdan saz vəziyyətə gətirilməsi üçün yenidənqurma işləri də daxildir”.

O qeyd edib ki, agentlik tərəfindən avadanlıqla təminat, təcrübə mübadiləsinin aparılması planlaşdırılır:

“Bu sahədə ixtisaslaşmış bir subyektdə dönərin hazırlanması əyani olaraq bölüşüləcək. Onlara təlimlər tanınmış kulinar tərəfindən keçiriləcək. Layihənin sonunda sahibkarlıq subyekti bazarda özünə tam yer tutması üçün bütün texniki dəstəklə təmin olunacaq. Bu layihədə bizə dəstək olacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarları aktivlərlə təmin edəcək, KOBİA isə sahibkarlara müvafiq sahədə təlim və seminarlar keçirəcək”.