Dolma, lavaş, dovğa oğruları – NECƏ QORUYAQ?

0
348
03/03/2020 [09:32] – Cəmiyyət – ( 361 dəfə baxılıb)


Dünya xalqlarını biri-birindən daha çox fərqləndirən milli keyfiyyətlərdir. Dünyagörüş, məişət də bu sıradadır. Məsələn, filan yemək filan millətə məxsusdur. Filan musiqi filan millətə məxsusdur.
Bu gün dünyanın əksər ölkəsində Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərir. Şübhəsiz ki, ölkəmizin milli mətbəxinin tanıdılmasında xaricdə yaşayan soydaşlarımız mühüm rol oynamalıdırlar. Nəzərə alsaq ki, mətbəx təbliğatın vacib elementlərindəndir, demək ki, bu sahəyə diqqət artırlmalıdır.
Milli mətbəximizə sahib çıxmasaq, ermənilər yeməklərimizi özlərininkiləşdirməkdə davam edəcəklər.
Ermənilər milli mətbəximizi oğurlayır
 Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana-Vətən” Azərbaycan Qadınları Birliyinin sədri Maisə Ağamirzəyeva qeyd edib ki, xaricdə yaşasalar da, Azərbaycanı hər zaman uğurla təmsil edirlər:
“Azərbaycana həsr etdiyimiz bütün tədbirlərdə mütləq milli mətbəximizə yer ayırırıq. Qonaqlara Azərbaycan mətbəxinin ən ləziz yeməkləri təqdim olunur. Bundan əlavə, xaricdə yaşamağımıza baxmayaraq,  toy-büsatlarımızda da hər zaman milli mətbəximizdən istifadə edirik. Çünki burada müxtəlif millətlər yaşayır. Onların mətbəxi ilə bizimki uyğun gəlmir. Sözsüz ki, Azərbaycan mətbəxinə həmişə müraciət edirik.
Qeyd etmək istəyirəm ki, burada Azərbaycan mətbəxi ilə məşğul olan, onu insanlara təbliğ edən Baku-Katering adlı şirkət  var. Bu şirkət azərbaycanlı xanım tərəfindən yaradılıb. O xanım həm  Koordinasiya Şurasının, həm də Ana-Vətən Azərbaycan Qadınları Birliyinin üzvüdür.
Diaspor sahəsində də   fəal xanım olmaqla yanaşı, mətbəximizi əcnəbilərə çox yaxşı təqdim edir.
Bir məsələni də deyim. Milli mətbəximizi təqdim edərkən mənfur düşmənlərimiz tərəfindən təzyiqlərə məruz qalırıq. Çox yerlərdə  bizim mətbəximizi özlərininki kimi təqdim edirlər. Hətta buradakı bəzi mağazalarda bizim lavaşımızı özlərininki kimi qələmə verirlər. Biz də buna sakit formada yanaşmırıq. Diaspor təşkilatları olaraq belə məsələlərin qarşısını zamanında ala bilirik. İmkanımız daxilində onların bizim mətbəxi özəlləşdirmələrinə yol vermirik”.Dovğaya çox böyük maraq var
Belçika-Niderland Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” cəmiyyətinin sədri Emil Əliyev bildirib ki, Niderlandda Azərbaycan mətbəxinin ildə bir dəfə böyük təqdimatı olur:
“Hər il bir neçə gün ərzində hər bir ölkənin  stendi quraşdırılır. 100-lə ölkələr orada təmsil olunur. Biz də burada iştirakl edirik, Azərbaycan səfirliyi stendin açılmasına da kömək edir. Orada Azərbaycan yeməkləri bişirilərək alıcılara verilir. İnanın ki, ən çox bizim yeməklərə tələbat olur. Bunun da səbəbi odur ki, bizim yeməklər dadlı və cəlbedicidir.
Əsasən kabablarımız, dolmalar və aş növləridir ki, onlara çox böyük maraq olur. Buradan səfirlik əməkdaşlarına da təşəkkürümü  bildirirəm ki, bu işdə hər zaman ön sıralarda olurlar və bu proseslərin hazırlanmasında kömək edirlər. Hamımız evlərimizdə də  bu təbliğatı aparırıq. Əgər bir niderlandlı qonaq gəlirsə, onu öz mətbəximizə qonaq edirik. Dovğaya da çox böyük maraq var. Çünki onlar ağartı məhsullarını ancaq yeyirlər. Belə dadlı yemək bişirilməsinə təəccüb edirlər. Şirniyyatlarımızı da bəyənirlər.
Digər bir məqam isə ermənilərlə bağlıdır. Hətta yeməklərimizə görə problemlər də olur. Müxtəlif festivallarda, sərgilərdə Azərbaycan təmsil olunan zaman ermənilər açıq etiraz etməsələr də, öz stendlərində bu barədə danışırlar. Çalışırıq ki, onlar bizim stendlərimizə yaxınlaşmasın. İstərdim ki, Azərbaycan stendləri daha yüksək səviyyədə  təmsil olunsun”.
Finlilər yeməklərimizin hazırlanma qaydalarını soruşurlar
Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi  və “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova isə deyir ki, Azərbaycanın milli mətbəxi Finlandiya xalqlarının hər zaman marağına səbəb olur:
“Hər il dünyanın bir çox ölkəsində qeyd olunan Beynəlxalq Kulinariya Gününü biz də burada keçiririk.  Finlandiyada yaşayan azərbaycanlı ailələr bu cür tədbirlərdə xalqımızın zəngin milli mətbəxinin təamlarını yerli ictimaiyyətə təqdim edir.
Qeyd etmək lazımdır ki, milli mətbəximiz yerli ictimaiyyət nümayəndələri, həmçinin tədbirdə iştirak edən turistlər tərəfindən böyük maraqla qarşılanır. Milli mətbəximizlə tanış olan finlilər hazırlanma qaydalarını da soruşurlar. Hesab edirəm ki, xaricdə çalışdığımız qədər milli yeməklərimizi tanıdıb, təbliğ edirik”.
Avropalılar dolmamızı çox bəyənirlər
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalovun sözlərinə görə, Azərbaycan kulinariyasının dünya mətbəxləri içərisində özünəməxsus yeri var:
“Biz də ildə ən azı iki dəfə Azərbaycan günləri keçirərək həm Azərbaycanımızın diaspor işlərinə, həm də milli mətbəximizin tanıdılmasına öz dəstəyimizi ifadə edirik. Dolma bizim milli mətbəxin şah yeməyidir. Avropalılar bu yeməyi çox bəyənirlər. Həmçinin ermənilər həmişə olduğu kimi öz mənfur xasiyyətlərindən burda da əl çəkmir. Onlar  erməni günləri keçirir və sosial şəbəkələrdə paylaşdıqları fotolardan  da görünür ki, ancaq başqa xalqların mətbəxlərini kopyalayıblar. Bu da onu deməyə əsas verir ki, Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb”.