44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan altı qəhrəmanımızın doğum günüdür.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Azərbaycan Ordusunun əsgəri Əhədov Mehrac İntiqam oğlu 1999-cu il oktyabrın 30-da Şamaxı rayonunda dünyaya göz açıb.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il oktyabrın 21-də Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.
M.Əhədov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri Əliyev Şöhrət Cambulat oğlu 30 oktyabr 1999-cu ildə Gəncə şəhərində doğulub.
2005-ci ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə orta təhsilini başa vurub.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə Ş.Əliyev yenidən hərbi xidmətə çağırılıb.
O, Füzuli və Cəbrayıl rayonları, Şuşa və Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
8 noyabr 2020-ci il tarixində Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
MAHHXHQ çavuş Fətəliyev Emil Mayis oğlu 1992-ci il oktyabrın 30-da Qax rayonunun Qorağan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Emil Fətəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Fətəliyev oktyabrın 22-də Zəngilan döyüşləri zamanı şəhid olub.
E.Fətəliyev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri Hümbətov Emil Tərlan oğlu 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib.
2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib.
2016-cı ildə işləmək üçün Türkiyə Respublikasına gedən Emil 4 ildən sonra 2020-ci ildə Vətəninə, ailəsinin yanına qayıdıb.
Sentyabrın 21-də Vətəni qorumaq üçün cəbhəyə yollanıb, topçu və manqa başçısı kimi xidmət göstərib. 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olub.
Şəhidimiz “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri İsmayılov Rövşən Məmmədağa oğlu 1999-cu il oktyabrın 30-da Bakı şəhərində anadan olub.
2005-2016-cı illərdə Binəqədi rayonunda 83 nömrəli məktəb-liseydə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Kooperasiya Universitetində (AKU) “Maliyyə” ixtisası üzrə ali təhsil alıb.
Rövşən İsmayılov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb.
Müharibə zamanı “N” saylı hərbi hissədə yaradılan “Həmlə” taborunun baş atıcısı olan Rövşən İsmayılov oktyabrın 3-də döyüşlər zamanı əlindən və üzündən qəlpə yarası alaraq hərbi hospitala aparılır. Oktyabrın 18-nə qədər hospitalda olmaq haqqında sərəncam verilsə də, oktyabrın 7-də bir neçə döyüş yoldaşı ilə birgə müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə yollanır.
Rövşən İsmayılov oktyabrın 13-də snayper gülləsinə tuş gələrək şəhid olub.
Noyabrın 19-da Binəqədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
O, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Gizir Nağıyev Anar Sahib oğlu 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub.
1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb.
A.Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anar Nağıyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Şəhidimiz “Qarabağ”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
A.Nağıyevin iki övladı yadigar qalıb.