DMX rəisi: Son beş ildə Azərbaycana 1211 nəfər readmissiya edilib

0
766

Son beş ildə ölkəmizə 1211 nəfər readmissiya edilib. Bu insanlar deportasiya olunan deyil, Avropa ölkələrinə gedən və orada yaşamaq, işləmək üçün müraciət edən şəxslərdir. Həmin şəxslərin müraciətlərinə rəsmi orqanlar tərəfindən müsbət cavab verilmir və yaxud onlar uzun müddət orada sənədsiz yaşayanlardır.

Bunu iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin altı ayının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

V.Hüseynov bildirib: “Bəzən insanlarda elə fikir yaradılır ki, siz çox asanlıqla hansısa xarici ölkəyə gedə bilərsiniz və orada yaşamaq üçün şərait yaradılacaq. İnsanlar da bəzi hallarda hətta əmlaklarını da sataraq həmin şəxslərin dələduzluq əməllərinin qurbanı olurlar. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən edilir.

Sığınacaq almaq çox mürəkkəb bir prosesdir. Biz özümüz də bunu həyata keçiririk. Yəni, burada bir sıra müsahibələr həyata keçirilir. Baxılma müddəti kifayət qədər uzundur. Ona görə də insanlar bu proseslər barədə məlumatlı olmalıdırlar. Artıq həmin şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq işlər görür. Bu məsələlərlə bağlı çalışırıq ki, məlumatlı olaq və insanlara kömək göstərək”.

Xidmət rəisi qeyd edib ki, 2014-cü ilin sentyabrında Avropa İttifaqı ilə “Readmissiya haqqında” Saziş imzalanıb. Həmin dövrdən indiyədək ölkəmizə 1211 nəfər readmissiya edilib.