Direktordan ETİRAF: “Polisə rüşvət təklif etdim”

0
514

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aydın İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Aydın İsmayılov danışmaq istədiyini və bunun üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə zalında olan zərərçəkənlər bildiriblər ki, A.İsmayılov məhkəmə prosesinin uzanması üçün hər şey edir.
Hakim ifadə verməyə hazırlaşmaq üçün A.İsmayılova vaxt verib.
Prosesdə zərərçəkən Xanlar Əliyev ifadə verərək 10 min manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini söyləyib. O bildirib ki, bu məbləği A.İsmayılova ev almaq üçün versə də, aldanıb və pulunu tələb edir.
Prosesin davamında Aydın İsmayılov bildirib ki, istintaq dövründə heç bir yerə qaçmayıb: “Mən Korrupsiya İdarəsinə görüşə getmişəm. Müstəntiqlə də görüşmüşəm. Videogörüntüləri də tələb edirəm, amma vermirlər. Polis müstəntiqi ilə də görüşdüm. Özüm polisə rüşvət təklif elədim ki, pul alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?”.
Qeyd edək ki, A.İsmayılov həbs edilənə qədər “SN qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.
İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbuk sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.
Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib. Təqsirləndirilən Aydın İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.