İraq və Bütün Dünya “Mandei sabiilik” dini tayfasının başçısı Səttar Cabbar Helv Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
Məktubda deyilir: “Əs-səlamu-əleykum. Möhtərəm Prezident. Ərəb və İslam dünyasının, eləcə də digər ölkələrin üzləşdiyi çağırışların və reallıqların müzakirə edildiyi bir tədbirdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə təşəkkür edirəm.
Zati-aliləri cənab Prezident, icazə verin, Sizi dinimizlə tanış edim. Biz “Mandei sabiilik” adlanan qədim dinin ardıcıllarıyıq. Bu din İraqın cənubundakı ikiçayarası vadisində Ur və Mişan şəhərlərində meydana gələn ilk təktanrılıq dinidir. Biz tək Tanrıya inanırıq. O Tanrı öz-özlüyündə mövcuddur. Həyat başlanğıcı olmayan əzəli varlıqdan və sonu olmayan əbədi varlıqdan yaranıb. Müqəddəs kitabımız “Ginza Rbadır” (İlk kitab), dilimiz isə Mindai-şərqi Arami dilidir. Müqəddəs kitabımız 2000-ci ildə tərcümə olunmuşdur. Onu Sizə hədiyyə etməkdən şərəf duyuram və Bağdaddakı səfirliyə çatdıracağam.
Digərlərini tanımaq, onların mövcudluğuna və hüquqlarına qarşılıqlı ehtiram bəsləmək, habelə ibadət etmək, fərq qoymadan, kin və nifrət bəsləmədən dini ayinlərlə məşğul olmaq azadlığını təmin etmək dinlər və məzhəblər arasındakı əlaqələrdə əsas prinsiplərdir. Dini radikalizm dözümsüzlüyün ən təhlükəli mənbələrindəndir. O, neqativ fikirlərə əsaslanır, onlara dini libas geyindirir və insanları tez inandıra bilir.
Tələbələri və gəncləri fanatik fikirlərdən uzaqlaşdırmaq, dini mətnləri dövrün dəyişiklikləri fonunda yenidən izah etmək, bütün din və məzhəblərin ortaq tərəflərini əxz etmək sabit və firavan ölkənin qurulmasına töhfə verən işlərdəndir.
Zati-aliləri, bunu biz Sizin ölkənizdə gördük. Azərbaycan müxtəlif irqlər, dinlər və mədəniyyətlərlə zəngindir. Rəhbəri olduğunuz ölkədə din dövlətdən ayrıdır və bu, dini ədavətin qarşısını alır. Bu, ictimai, siyasi və dini məsələlərin mənimsənilməsinə və həllinə, o cümlədən ölkədəki bütün toplumların xüsusiyyətlərini qorumağa qadir olan ən yaxşı yoldur.
Zati-aliləri, Sizi bir daha salamlayır, əzəli və əbədi olan Tanrıya Sizin üçün dualar edir, Sizə, gözəl xalqınıza və bütün bəşəriyyətə xoşbəxtlik, əmin-amanlıq və sülh diləyirəm”.
XXX
Perunun Kallao vilayətinin yepiskopu Xose Luiz del Palasio Perez-Medeldən:
“Zati-aliləri. Dünya dini liderlərinin II Bakı Sammitində, o cümlədən möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Dünyanın müxtəlif ölkələrindən olan görkəmli dini liderləri bir araya toplayan bu mühüm beynəlxalq sammit çox yüksək səviyyədə təşkil edilmişdi və xalqlar arasında, sülh və harmoniya sevən müxtəlif dinlərin nümayəndələri arasında dialoqun təmin olunmasına və sıx münasibətlərin qurulmasına şərait yaratdı.
Möhtəşəm memarlığı ilə göz oxşayan paytaxt Bakı şəhərində olduğumuz günlər ərzində Azərbaycan xalqının və hökumət nümayəndələrinin yüksək qonaqpərvərliyinin və mehribanlığının şahidi olduq.
Cənab Prezident, mən Sizə bir daha təşəkkür edirəm və Azərbaycanın bu gün beynəlxalq ictimaiyyət üçün multikultural dövlət, tolerantlıq və xoş münasibətlərin hökm sürdüyü bir ölkə modeli olduğuna görə Sizi təbrik edirəm.
Bakıda çox yüksək səviyyədə keçirilmiş bu cür sammitlər davamlı olmalıdır. Çünki bu tədbirlər dinlərarası dialoqun təmin olunmasına, xalqlar arasında qarşılıqlı anlaşmaya və sülh şəraitində birgəyaşayışa təkan verir.
Sizə bir daha minnətdarlığımı və ən səmimi təbriklərimi çatdırıram”.
XXX
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Moskvanın və “Moskva Müftiliyi” Mərkəzi regionunun müftisi Albir Krqanov Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Təşəkkür məktubunda deyilir: “Hörmətli cənab Prezident. Bütün dünyanın nüfuzlu din və ictimai xadimlərinin toplandığı vacib və əhəmiyyətli tədbirdə iştirak etmək imkanına və bu tədbirin keçirilməsi təşəbbüsünə görə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm.
Əminəm ki, Dünya dini liderlərinin II Bakı Sammiti qloballaşmaqda olan dünyada planetin müxtəlif regionlarında baş verən mürəkkəb etnik-konfessional proseslərin və aktual məsələlərin müzakirə edilməsi üçün unikal və səmərəli məkan oldu.
Bu cür tədbirlər müasir təhdidlərə vaxtında reaksiya verməyə, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, millətlərarası həmrəyliyin inkişafı işinə böyük töhfə verməyə, qarşılıqlı etimad, sevgi və qardaşlıq ab-havası yaratmağa, psevdodini ekstremizmə və terrorizmə qarşı mübarizədə ümumi səylərin artırılmasına şərait yaradır.
Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayır, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmaq üçün Sizə daha çox qüvvə versin.
Qadir Allah Sizdən razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin.”
XXX
Xalq Uğrunda Birlik Partiyasının sədri, Seneqal Prezidentinin xüsusi müşaviri, Media şəhərciyi qrupunun Baş direktoru Məhəmməd əl-Mənsur bin əş-Şeyx Məhəmməd əl-Məmun İnyas Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: “Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm Prezident. Ölkənizin paytaxtı gözəl Bakı şəhərində keçirilən Dünya dini liderlərinin ll Sammitində bizə göstərdiyiniz hörmət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirməkdən şərəf duyuram.
Zati-aliləri, Dünya dini liderlərinin ll Bakı Sammitində 70-dən çox ölkədən müxtəlif dinlərin 500-ə yaxın rəhbərinin iştirak etməsi tutduğunuz doğru yolun, alimlərə və mütəfəkkirlərə verdiyiniz dəyərin əyani sübutudur.
Şübhəsiz, bu Sammit Allahın köməyi ilə dinlər arasında dialoqun, insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, həmçinin İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Zati-aliləri, Sizin iştirakınızla keçirilən bu sammit sülhün və əmin-amanlığın möhkəmləndirilməsi, nifrətin aradan qaldırılması naminə Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz dövründə oynadığı nümunəvi və aparıcı rol haqqında parlaq təsəvvürü dünyaya çatdıracaqdır.
Hər yerdə elmə və alimlərə verdiyiniz yüksək dəyərə görə Sizə təşəkkürümü və heyranlığımı bildirmək istəyirəm. Mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsinə görə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz bunun əyani sübutudur və mən bunu bütün din xadimlərinə və bəşəriyyəti Allah yoluna səsləyən dindarlara verilən mükafat kimi dəyərləndirirəm.
Sonda dua edirəm ki, həmişə Uca Allahın himayəsi altında olasınız və ölkəniz Sizinlə fəxr etsin”.