DİN rəsmisindən gənclərə çağırış: “Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər”

0
381

“Bizə tez-tez müraciətlər daxil olur ki, həyat yoldaşım, övladım və ya yaxınım narkotik vasitə istifadəçisidir. Biz onlarla profilaktik söhbət edirik. Lakin, onların üzərindən aşkarlanan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda o şəxslər istintaqa cəlb edilir.”

Bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.

Polis mayoru bildirib ki, biz narkotik vasitə istifadəçiləri ilə profilaktik söhbət aparan zaman narkotik maddələri haradan əldə etdiyini dəqiqləşdirməyə çalışırıq:

Bu istiqamətdə həyata keçirilən tədbirlər də məhz narkomaniya ilə mübarizəyə xidmət edir. Narkotik vasitələrin satışını həyata keçirən şəxsləri müəyyən edərək istintaqa cəlb edirik. Elə olur ki, narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilir. Çünki onların üzərində olan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda bu məsuliyyət yaradır.

Bu insanlar istintaq təcridxanalarına göndərilirlər və bir müddət orada qaldıqdan sonra qayıdırlar. Məhkəmə prosesinə qədər olan 2-3 ay müddətində narkotik maddə istifadəçisinin vəziyyətinin müsbətə doğru dəyişdiyini ilk baxışdan belə görmək mümkün olur. Təbii ki, bu onu göstərir ki, onların narkotik maddələrdən asılılığı nisbətən də olsa azalır. Həmin insan məsuliyyətə cəlb edilib, cəzasını çəkir. Təəssüf olsun ki, azadlığa çıxdıqdan sonra yenidən narkotik maddə istifadəsinə qayıda bilir. Bizi məyus edən odur ki, cəzasını çəkdikdən sonra cəmiyyətə daha faydalı fərd olanlarla müqayisədə yenidən bu yola qayıdanlar nisbətən daha çoxdur. Bizim əsas iş prinsipimiz, maarifləndirici tədbirlərimiz sosial şəbəkə üzərindən gənc nəslə yönəlib. Onları narkomaniyadan uzaq durmağa, maksimum diqqətli olmağa çağırırıq”.