DİN: Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır – YENİLƏNDİ

0
942

Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”.

Qeyd edək ki, bu gün bəzi KİV-də E. Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə”, 2018-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.

***11:59
Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.

R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan E.Həsənov peşəkar polis zabiti kimi tanınıb.