Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi, polis polkovniki İlham Babayev bildirib ki, yarışlarda iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb: “İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq.
Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır”.