DİN-dən “Xudatda COVID-19 alveri” iddiası ilə bağlı AÇIQLAMA – FOTO

0
412

Xudat şəhərində qohumu vəfat edən şəxsin polislər tərəfindən cərimələndiyi iddia edilib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddiada bildirilib ki, Tahir adlı şəxsin qohumu vəfat edib və maşınla məscidə gedib ki, meyit yumaq üçün avadanlıq gətirsin. Bu zaman yol polisi onu saxlayıb xüsusi karantin qaydalarını pozmaq adı ilə bölməyə aparıblar. Uzun çək-çevirdən sonra 100 manat alaraq buraxıblar. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov açıqlama verib.

O qeyd edib ki, bəzi sosial şəbəkələrdə yayılan “Xudatda COVID-19 alveri” başlıqlı xəbərdə qeyd edilən nüanslar həqiqəti əks etdirmir:

“Belə ki, dekabrın 14-də Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən rayon ərazisində hərəkətdə olan “VAZ 2106” markalı avtomobili sürücünün müvafiq sənədlərini yoxlamaq üçün saxlayıblar.

Bu zaman sürücü Roman Dəmiroğlunun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədləri olmadığından həmin nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib. 

RPŞ-də isə sürücü ilə profilaktiki söhbətlər aparılıb və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsinin yolverilməz olduğu izah edilib.

Daha sonra sürücüyə nəqliyyat vasitəsini yalnız sürücülük vəsiqəsi olan şəxsin köməyilə duracaqdan çıxara biləcəyi bildirilib. Roman Dəmiroğlu tanışı Ramin Abdurəhmanovla əlaqə saxlayaraq, onu polis şöbəsinə dəvət edib və həmin nəqliyyat vasitəsi sahibinin iştirakı ilə Ramin Abdurəhmanova iltizamla tədqim edilib”.

Sənədləşmə prosesi zamanı R.Abdurəhmanov rayon ərazisində şəhid dəfninə tələsdiyini bildirib. Şöbə əməkdaşları bu səbəbdən onları növbədənkənar, qısa bir müddət ərzində yola salıblar:

“Eləcə də, həmin vaxt maşında sərnişin qismində olan Tahir adlı şəxsin polis əməkdaşları tərəfindən saxlanılması, onun bölməyə aparılması və müəyyən maddi maraq müqabilində  buraxması tamamilə şər və böhtan xarakterlidir”, – deyə o qeyd edib.