DİN-dən Saatlıda həbs edilən aksiya iştirakçısı ilə bağlı AÇIQLAMA

0
363

Saatlıda kəndə su verilmədiyi üçün etiraz edən şəxs saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. İddia edilir ki, rayonun Orta Muğan kəndində kənd camaatı kəndə su verilmədiyi üçün etiraz aksiyası keçirib. 

Aksiyada iştirak edən Asim Ağayev adlı şəxs Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona 10 sutka həbs verilib. 

Məsələ ilə bağlı məlumat verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxs ictimai qaydanı pozub:

“Asim Ağayevin saxlanılması ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərməsi ilə əlaqədar olub. Həmin hərəkətlərdə xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə A.Ağayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 10 sutka müddətində inzibati qaydada həbs edilib”.