DİM sədri abituriyentlərə müraciət etdi: “Başqalarının yerlərini tutmayın”

0
387

“Jurnalları oxumadan, göstəricilərlə tanış olmadan seçim edirlər. Bu, çox qorxuludur. Ötən il Bakı Qızlar Univeristetini bir nəfər oğlan seçmişdir”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə III ixtisas qrupları üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, qərar vermək üçün seçimi özünüz edin:

“Öz taleyinizi kimlərinsə əlinə verməyin! Sonra 500 bal toplayan abituriyentlər müraciət edir ki, yüksək bal topladığı halda regionlara düşüb. Bu, birbaşa sizin məsuliyyətinizdədir. Səhv seçimləri daha sonra bizim düzəltməyimizi tələb etməyin! Belə bir şey mümkün deyil. Odur ki, düzgün seçim edin. İstəmədiyiniz universitetləri seçməyin. Başqalarının yerlərini tutmayın”.

M.Abbaszadə ötən il səhv seçim edərək Bakı Qızlar Universitetinə düşən oğlanla bağlı məqama toxunub:

“Səhv seçim etməklə III ixtisas qrupu üzrə imtahan verən oğlanlardan biri aşağı bal ilə Bakı Qızlar Universitetinə düşmüşdü. Bizə müraciət edərək, irad tutdu. Amma qeyd edim ki, adından da göründüyü kimi bu universitetdə təhsil alan tələbələr qızlardır. Lakin, oğlanların bu universitetdə təhsil almasına qadağa yoxdur. Sadəcə orada daha çox qızlar oxuyur. Bu kimi halların yaşanmaması üçün diqqətli olmaq lazımdır”.