DİM imtahan nəticələrini AÇIQLADI: 167 nəfər…

0
396

Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Vergi Xidməti ilə birgə martın 13-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən bildirilib ki, koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

Saat 11:00-da başlamış imtahan 3 saat ərzində aparılıb. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir.

İmtahanın nəticələri saat 17:50-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1370 namizəd qeydiyyatdan keçib. Onlardan 126 namizəd imtahana gəlməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 167 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplamaqla ikinci mərhələyə – müsahibəyə buraxılıb.