DİM: “II və III qruplar üzrə tarix fənnindən test tapşırıqları yenidən hazırlanacaq”

0
300

16 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.


DİM-dən verilən məlumata görə, biologiya fənni üzrə işçi qrupun iclasında gündəlik məsələ 2021-ci ildə keçirilən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların təhlili olub. Tapşırıqların hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlil edilib.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Tarix fənni üzrə işçi qrupun iclasında isə gündəlik məsələ “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” adlı elmi-metodik məqalənin müzakirəsi olub. Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş mühüm məlumatlar yeni redaktədə nəzərə alınıb. İclasda iştirakçılar tərəfindən məqalə ilə bağlı bildirilən qeyd və təkliflər nəzərə alınıb. 

Məqalə əvvəlcə DİM-in saytında yenilənəcək, daha sonra “Abituriyent” jurnalının 2-ci sayında yenidən dərc ediləcək. Məlumat üçün qeyd edilir ki, ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumat yoxdur. Ona görə də 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar bu məqalə əsasında tərtib ediləcək.